Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL - "Qəbələ" oyunu qalmaqalla başlayıb.

Unikal.org Apasport.az-a istinadən məlumatına görə, görüşün 11-ci dəqiqəsində "təyyarəçilər"in oyunçusu İlqar Ələkbərovun Ozobiçə qarşı kobud oynaması aranı qatıb.

Belə ki, sərt oyuna kənardan eyni şəkildə reaksiya verən qonaqların baş məşqçisi Roman Qriorçuk hakimdən vərəqə tələb edib. Matçın baş hakimi İnqilab Məmmədov isə oyunçuya sarı vərəqə göstərməklə bərabər, ukraynalı məşqçiyə də xəbərdarlıq edib.

Ancaq, görünür, onun bu xəbərdarlığı yetərli olmayıb. Çünki instidentin üstündən 3 dəqiqə keçmiş bu dəfə iki rəqib baş məşqçi arasında şifahi münaqişə yaranıb. Qarşılıqlı şəkildə bir-birinə kobud sözlər və söyüşlər yağdıran Qriqorçukla Tərlan Əhmədovun mübahisəsi yekunda ukraynalının tribunaya göndərilməsi ilə nəticələnib.

Qeyd edək ki, Roman Qriqorçuk Avroliqanın qrup mərhələsində "Sent-Etyen"lə oyunda da meydandan kənarlaşdırılmışdı.