10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.
Artıq ilk qalib və medalçılar müəyyənləşib. Yeniyetmə qızların mübarizəsində Avropa birinciliklərinin ikiqat qalibi Səbinə Əzimova 149 kq (64+85) nəticə və 215.7 xalla qızıl medal qazanaraq mütləq çempion olub.
Qadınların yarışında Anastasiya İbrahimli 187 kq (83+104) nəticə və 218.1 xalla bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb.
Sinkleyr cədvəli üzrə müəyyənləşən qalibləri Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, "Zirvə Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov və Azərbaycan Gənclər və İdman Nazirliyinin məsul işçisi Fəxrəddin İsmayılov mükafatlandırıb.
Kubokun rəsmi açılış mərasimi keçiriləndən sonra kişilərin yarışında ilk qaliblər 50 kq çəki dərəcəsində müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda cəmi 1 kq fərqlə Həsənli İsa qalib gəlib. O, 164 kq (70+94) nəticə ilə çempionluğu bayram edib.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.
Qadınlar
50 kq çəki dərəcəsi