Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib, S. Məmmədovun 20, L. Mahmudovanın 19 il müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.
Proses noyabrın 17-də davam edəcək.
Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Cinayəti S. Məmmədov və L. Mahmudova birgə törədib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub.
S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.
L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K. Mahmudov isə bizneslə məşğul olub.