Sevgilisinə işgəncə verməkdə ittiham olunan Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Kamran Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, Kamran Hüseynov 7 avqust 2011-ci ildə gecə saatlarında nikahdan kənar yaşadığı Rövşanə Mustafayevaya zorakılıq edib. O, yaşadıqları Oğuz rayonu Xaçmaz kəndində yerləşən evin yataq otağında Rövşanəni əllərini bağlayıb.
Sonra o, Rövşanənin sağ budunun aşağı ön səthini ülgüclə kəsərək "KA hərfləri yazıb. O, həmin yaranın üzərinə mürəkkəb tökərək qadına xəsarət yetirib.
Kamran Hüseynov 2 iyun 2015-ci ildə Rövşanə Mustafayevanın ondan icazəsiz qonaq getdiyini bəhanə edərək onu ağacla döyüb. Həmin il iyulun 25-də Rövşanəyə yenidən işgəncə verib. O, həmin gün, saat 23 radələrində yatmış vəziyyətdə olan Rövşanə Mustafayevanın üzərinə sidik töküb.
Həmin ayın 28-də Kamran Hüseynov bacısı Aygün Hüseynovanın evində yumruqla Rövşanə Mustafayevanı vurub.
Kamran Hüseynov Cinayət Məcəlləsinin 133.1-ci (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə ittiham edilib. Onun cinayət işi Oğuz rayon Məhkəməsində araşdırılıb.
"Dedi ki, xalası oğlu ilə bir-birini seviblər
Təqsirləndirilən şəxs qismində ifadə verən Kamran Hüseynov elan edilmiş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, Rövşanə Mustafayeva ilə 2011-ci ilin iyulunda faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurub və onların iki azyaşlı uşaqları var: "Rövşanə Mustafayeva ilə faktiki nikah münasibətlərinə daxil olduğum ilk vaxtlardan hiss etdim ki, onun səhhətində və psixi vəziyyətində müəyyən çatışmazlıqlar var. Rövşanə dəfələrlə heç bir səbəb olmadan evdə hay-küy salaraq qışqırıb, səbəbsiz yerə ağlayıb, huşunu itirərək yerə yıxılıb. Onun bu hərəkətlərini ailə üzvlərim və qonşularımız da görüblər. Rövşanə ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurduqdan sonra onun qol nahiyəsində "Sərxan sözünün yazıldığını gördüm. Bu barədə soruşanda, Rövşanə dedi ki, onunla ailə qurmazdan əvvəl xalası oğlu Sərxanla bir-birini seviblər. Lakin atası onların evlənməsinə razılıq verməyib.
"Əl-qolunu bağlamamışam
Təqsirləndirilən şəxsin sözlərinə görə, əvvəlcə Rövşanənin sözünə inanmayıb: "Onun qolunda olan yazını xalası oğlu Sərxanın yazdığını güman edərək həmin yazını necə yazdığını Rövşanədən soruşdum. Buna əmin olmaq üçün mənim də adımı yazmasını istədim. Rövşanə yanımda özünün sağ bud nahiyəsinə iynə ilə "KA hərflərini cızdı. Sonra Rövşanənin bunu bacardığını görərək qalan hərfləri yazmağa qoymadım. Rövşanə əvvəlcədən dedi ki, hərflərin görünməsi üçün cızılan yerə mürəkkəb tökmək lazımdır. Rövşanə ayağına "KA işarəsini cızdıqdan sonra kosmetik vasitə kimi istifadə edilən tuşun qara mürəkkəbini ora tökdü. Həmin vaxt Rövşanənin əl-qolunu bağlamamışam, onu öz ayağına yazı yazmağa məcbur etməmişəm və buna görə Rövşanəyə hər hansı formada təzyiq göstərməmişəm.
"Sözümə baxmadığına görə təpik və yumruqla vurmuşam
Kamran Hüseynovun ifadəsinə görə, Rövşanə "KA hərflərini ayağına özü könüllü olaraq yazıb: "Həmin vaxt Rövşanənin əl-qolunu bağlasaydım, ona fiziki xəsarət yetirsəydim Rövşanə müqavimət göstərərdi və həriflər səliqəli yazılmazdı. Onunla birgə yaşadığımız vaxtda aramızda tez-tez ailə daxili məsələlərə görə münaqişələr yaranıb. Bacım Aygün və anam Validə də mübahisələrimizin şahidi olublar. Rövşanə sözümə baxmadığına görə, onu bir neçə dəfə təpik və yumruqla vurmuşam. Lakin Rövşanəni heç vaxt ağacla və ya maşa ilə döyməmişəm. Əksər vaxtlarda münaqişələrimiz Rövşanə mənə qulaq asmadığı üçün yaranıb.
"Rövşanə evə qayıtmaqdan imtina etdi
Təqsirləndirilən şəxs qeyd edib ki, 2 iyun 2015-ci ildə Rövşanə ona deməmiş bibisigilə gedib: "Buna görə əsəbiləşmişəm. Rövşanə saat 21 radələrində evə gəldikdə, onu döymüşəm. Həmin vaxt 2-3 dəfə Rövşanənin belindən vurmuşam. Rövşanə ilə sonuncu münaqişəmiz iyulun 28-də, bacım Aygünün Xaçmaz kəndinə yerləşən evində baş verib. Həmin gün bacım oğlu hərbi xidmətə gedəcəyi üçün onun evində məclis olub. Mən və Rövşanə iki gün əvvəldən bacımgilə getmişik. İyulun 28-də, axşam saatlarında məclis başa çatdıqdan sonra Rövşanəyə öz evimizə qayıtmağımızı dedim. Lakin Rövşanə evə qayıtmaqdan imtina etdi. Həmin vaxt aramızda mübahisə yarandı. Rövşanəni söyüb, orada olan masanı aşırmaq istədim. Lakin həmin gün Rövşanəni vurmamışam. Böyük bacım Ulduzun əri Əfqan məni həyətdə tutaraq saxlayıb. Digər bacım Aygün isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, mənim münaqişə yaratdığımı bildirdiyi üçün bir qədər sonra polis əməkdaşları həmin yerə gəldi. Polislər məni şöbəyə apardılar.
"Mənimlə birgə yaşadığı evi tərk edib
Təqsirləndirilən şəxs əlavə edib ki, 30 avqust 2013-cü ildə Rövşanə Mustafayevanı vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilib və barəsində ittiham hökmü çıxarılıb: "Həmin vaxt keçirilən məhkəmə iclasında Rövşanə mənim ona hər hansı zorakı hərəkətlər etməyimdən şikayətçi olmayıb. Rövşanə daim mənimlə məsləhət etmədən hərəkətlər etdiyi üçün ona hirslənmişəm. Bu kimi hərəkətlərdən çəkindirmək üçün onu vurmuşam. Əməlimdən peşman olmuşam. Rövşanədən üzr istəmişəm və onunla barışmışam. O da məni bağışlayıb. Məndən şikayəti yoxdur. Himayəmdə azyaşlı uşaqlar var. Rövşanə Mustafayeva hazırda mənimlə birgə yaşadığı evi tərk edib. Uşaqlar mənim himayəmdə qalıblar. Özümdən başqa onlara qayğı göstərə biləcək şəxs yoxdur. Qoca və xəstə anam da mənim himayəmdədir.
"Sərxanın adını qoluma yazmışam
Zərərçəkmiş şəxs Rövşanə Mustafayeva bildirib ki, Kamranla ailə qurmazdan əvvəl özünün xalası oğlu Sərxanla bir-birini seviblər: "Lakin atam Sərxana ərə getməyə razılıq vermədi. Bir-birimizi sevdiyimiz vaxtlarda onun adını qoluma yazmışam. Ailə qurduqdan sonra Kamran da bu barədə bilib. Lakin həmin vaxt buna görə mənə heç nə deməyib. Sonralar isə Kamran hər dəfə içkili vəziyyətdə olanda bu məsələni üzümə vurub. Ailə qurduqdan təxminən bir ay sonra, yəni 2011-ci il avqustun əvvəlində Kamran içkili vəziyyətdə evə gəldi və öz adını da bədənimə yazmağımı məndən tələb etdi. Bundan sonra sağ ayağımı açdı. Kamran ayağımın bud hissəsinə ülgüclə düz xətt cızdı. "K hərfinin qalan hissələrini və "A hərfini isə özüm yazdım. Bundan sonra Kamran adının qalan hərflərini yazmağa qoymadı və kosmetik vasitə kimi istifadə edilən tuşun qara mürəkkəbini həmin yerə tökdü. Həmin vaxt Kamranın əl-qolumu bağlayıb-bağlamadığını dəqiq xatırılamıram.
Rövşanə Mustafayevanın sözlərinə görə, bundan sonra Kamran onu cəmi bir dəfə çubuqla, bir neçə dəfə isə təpik və yumruqla vurub: "İbtidai istintaqa ifadə verdiyim zaman əsəbi olduğu üçün Kamranın dəfələrlə əl-qolumu iplə bağladığını, taxta, maşa, təpik və yumuruqla məni döydüyünü demişəm. Bir qədər şişirtmişəm. Kamran evdə məni döydüyü zaman bunu onun anası Validə və bacısı Aygün də görüblər. Onlar da Kamrana öz iradlarını bildirib. Lakin bunun heç bir nəticəsi olmayıb. Kamranın məni döyməsini qonşulardan və digər şəxslərdən heç kim görməyib.
Rövşanə Mustafayeva qeyd edib ki, 2013-cü ilin avqustun 30-da Kamran ona xəsarət yetirib: "Bununla əlaqədar polis şöbəsinə şikayət etmişəm. Kamranın barəsində cinayət işi başlanaraq məhkəməyə verilib. Həmin iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə istintaqında ayağımın bud hissəsinə "KA hərflərini cızılması ilə bağlı heç nə deməmişəm. Həmin işə məhkəmədə baxıldıqdan sonra Kamran bir müddət ona qarşı heç bir qanunsuz hərəkət etməsə də, sonradan yenidən döyməyə başlayıb.
"Sidik qabını üzərimə atıb
Zərərçəkmiş bildirib ki, 2 iyun 2015-ci il, saat 22 radələrində yataq otağında olarkən Kamran yenidən onu döyüb: "Həmin vaxt evdə tək olmuşuq. 25 iyul 2015-ci ildə yenə də yataq otağında olarkən Kamran heç bir əsas olmadan məni döydü və içərisində sidik olan qabı üzərimə atdı.
Rövşanə Mustafayevanın sözlərinə görə, ertəsi gün səhər tezdən hamamdan çıxanda baldızı Aygün onu görüb və səhər tezdən yuyunmasının səbəbini ondan soruşub: "Kamranın üzərimə sidik atdığını Aygünə dedim. Sonuncu dəfə Kamranla münaqişəmiz 2015-ci ilin iyulun 28-də Aygüngildə oldu. Aygünün oğlu hərbi xidmətə gedəcəyi üçün onlarda məclis qurulmuşdu. İki gün öncədən Kamranla onlara getmişdik. Məclisdə Kamran araq içərək sərxoş oldu. Məclis başa çatdıqdan sonra Kamran evə qayıtmağımızı tələb etdi. Lakin həmin vaxt sərxoş olduğu üçün onunla evə getməyə qorxdum. Kamran hər dəfə sərxoş olanda bir bəhanə taparaq məni döyüb. Aygüngildə qalmaq istədim. Kamran isə narazılıq edərək yenə mübahisə yaratdı. Lakin Kamranın bacısı Aygün və anası Validə onun qarşısını aldılar. İbtidai istintaq zamanı verdiyim ifadəmdə Aygüngilin evində olduğumuz zaman Kamranın məni təpik və yumruqla bir neçə dəfə vurmasını hirslənərək demişəm. Əslində isə həmin vaxt Kamran məni vurmayıb. Kamranın bacısı Aygün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və Kamranın hərəkətləri barədə məlumat verib. Bir qədər sonra polis əməkdaşları gələrək Kamranı aparıb. Mən də Kamranın barəsində polis şöbəsinə şikayət ərizəsi yazmışam. Ertəsi gün isə kiçik uşağımı da götürərək Şəki rayon Qaratorpaq kəndinə, atamgilin evinə getmişəm. Təxminən 10 gün orada qalmışam. Həmin müddətdə Kamran arxamca gəlsə də, onunla geri qayıtmamışam. Sonradan uşaq xəstələndiyi üçün 12 avqust 2015-ci il tarixdə onu Oğuz rayon Mərkəzi Xəstəxanasına gətirməyə məcbur olmuşam. Həmin vaxt bu barədə Kamrana da xəbər vermişəm. Xəstəxanadan çıxandan sonra Kamran məni Oğuz rayonu Xaçmaz kəndinə aparıb.
"Uşaqlarımı qoyub evdən çıxdım
Rövşanə Mustafayeva bildirib ki, 1 sentyabr 2015-ci ilədək orada qalıb: "Həmin gün Kamran yenə spirtli içki içib həyətdə məni döymək istədi. Bu zaman qonşuluqda yaşayan Nizami adlı şəxs gələrək Kamranı apardı. Mən isə uşaqlarımı evdə qoyub Bakıya getdim. Bakıda olduğum vaxt gizli nömrədən Aygünə zəng edərək uşaqlarımla maraqlanmışam. Aygün polis əməkdaşlarının məni axtardıqlarını deyəndən sonra Oğuza qayıtdım. Həmin vaxtdan sonra Kamranın yaşadığı evə getmədim.
Oğuz rayon Məhkəməsinin hökmü ilə Kamran Hüseynov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Kamran Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorluq şikayətində Kamran Hüseynovun Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə vermək) və 133.2.6-cı (işgəncə verilməklə törədildikdə) maddələri ilə təqsirli bilinməklə, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.
Prokurorluğun protesti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Elçin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorluğun şikayəti təmin edilməyib.