Bu gün Azərbaycan Respublikasının Prezideni İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi qəbul edib.

Unikal.org-un xəbərinə görə, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin onəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən "Formula-1 yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd etdi və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.

Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğuladı. 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran Aleksandar Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu dedi və bu işlərə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğuladı. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd etdi ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoymuşdu və buna nail oldu. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlətimizin başçısı bunun böyük uğur olduğunu qeyd etdi. Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan Prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə etdi.