Bakıda qayınanasını döyüb, qaynını bıçaqlamaqda təqsirləndirilən Rövşən Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Rövşən Əhədov saxlanılıb. Belə ki, R.Əhədov 3 aprel 2016-cı ildə övladlarını görmək üçün qayınanasının evinə gəlib. Lakin qayınanası onu evə buraxmayıb. Belə olan halda onların arasında mübahisə yaranıb və R. Əhədov Rəfiqə Həsənovaya yüngül bədən xəsarətləri yetirib, onun oğlunu isə bıçaqlayıb.