Şoumen Kamran Həsənlini dələduzluqda ittiham edən müğənni Samir Piriyev danışıb.
Unikal.org-un məlumatına görə, Lent.az-a açıqlama verən S.Piriyev bildirib ki, sözügedən pulu K.Həsənli ondan 7 il öncə alıb: "Düz 7 il bundan qabaq Kamran məndən iş adı ilə 80 min dollar pul aldı. Həmin vaxtdan sonra onunla bir neçə dəfə danışdım ki, pulumu qaytar. O da "verəcəm" deyərək, vaxtı uzadırdı. Həmin vaxt uzanıb, düz, 7 ilə gəlib çıxdı. Məni aldatdı. Onunla axırıncı dəfə 2015-ci ilin axırlarında danışdım. Mənə dedi: "Pul zad gözləmə, verməyəcəm. Mənim sənə veriləsi pulum yoxdur". Onun bu sözlərindən sonra məcbur olub, bu işi hüquqi müstəvidə həll etmək qərarına gəldim. Hazırda istintaq gedir, sonda qərar nədirsə, o da olacaq. Mən şikayətimi vermişəm, pulumu istəyirəm. Bu məsələ ictimailəşəndən sonra Kamranla danışmamışam. Bundan sonra heç kimlə danışmaq fikrim də yoxdur. Yeddi ildir, danışıram da... Demişəm ki, pulumu almısan, qaytar. Mən artıq bu barədə danışmaqdan yorulmuşam, indi son qərar hüquq mühafizə orqanlarınındır".
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.