Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.
Unikal.org MN-in saytına istinadən bildirir ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.
Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 115 dəfə atəş zərbəsi endirib.