İran razılıq verməzsə, OPEK ölkələrinin və bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin martın 20-nə nəzərdə tutulan görüşü, çox güman ki, baş tutmayacaq.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyinə məsələ ilə yaxından tanış olan mənbələr bildirib.
İran hazırda neft bazarında sanksiyalar dövründə itirdiyi payını bərpa etmək niyyətindədir. "Onlar (İran – red.) görüşün keçirilməsi ilə razı deyillər… İranın nə isə etmək niyyəti yoxdur… İranın razılaşacağı təqdirdə (neft hasilatının "dondurulması"na – red.), hər şey dəyişiləcək", – deyə mənbələrdən biri bildirib.
İkinci mənbə bildirir ki, yanvardakı orta sutkalıq hasilat həcmi Tehranı qane etməyib. Ölkə neftin sutkalıq hasilat həcmini 4 mln barelədək artırmaq niyyətindədir.
"Əgər onlar həll yolunu tapmaq istəyirlərsə, onda onlar İrana ədalətli sövdələşmə təklif etməlidirlər", – deyə mənbə bildirib.
Qeyd edək ki, bu arada Rusiyanın energetika naziri Aleksandr Novak martın 14-də Tehrana səfər edəcəyini bildirib.