Bakıda anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və dostu Ceyhun Əsgərov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 19-na təyin edilib.
İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu il yanvar ayında Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun rəsmi məlumatına görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün "isti izlər"lə açılması təmin edilib.
Belə ki, yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü N.Eyvazov və 1997-ci il təvəllüdlü C.Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar. Həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Təqsirləndirilən şəxs N.Eyvazovun vəkili Firdovə Baxışəliyeva onun barəsində bəraət hökmünün çıxarılmasını, digər şəxslərin müdafiəçiləri isə müvəkkillərinin cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.