Dünən Lənkəran şəhər sakini Fərəc Qasımovun Türkiyədəki sevgilisi ilə birlikdə qaçdığını iddia etdiyi həyat yoldaşı Nərgiz Qasımova danışıb.
Unikal.org-un məlumatına görə, AzNews.az-a açıqlama verən N.Qasımova ərinin ona böhtan atdığını, Türkiyəyə qızı Ruhəngiz Qasımovanın müalicəsi məqsədilə getdiyini bildirib: "O mənə şər atıb. Bildirir ki, guya buradan sevgilimin yanına qaçmışam. Halbuki mən uşağımın müalicəsi üçün getmişdim. Qızımın bədəni yanıb. Onu müalicə etdirmək üçün Türkiyəyə üz tutmuşam. Lakin həyat yoldaşım və ailəsi məni şərləyib. Biabır etmək istəyib".
Ölkədən qaçdığı iddia olunan xanımın qanuni nümayəndəsi N.Qasımovanın Türkiyəyə hansı məqsədlə getdiyini sübut edən sənədləri redaksiyamıza təqdim edərək, ətraflı məlumat verib. Həmin sənədləri gün ərzində dərc edəcəyik.
Dünən Lənkərandan Türkiyəyə 2 yaşlı qızı və sevgilisi ilə birlikdə qaçmaqda ittiham olunan Nərgiz Qasımovanın hüquqi nümayəndəsi Şaban Kərimov məsələyə ətraflı aydınlıq gətirib və redaksiyamıza bəzi sənədləri təqdim edib.
AzNews.az-la əlaqə saxlayan Ş.Kərimov N.Qasımovanın Türkiyəyə sinəsi yanmış qızı Ruhəngizin müalicəsi üçün getdiyini bildirib: "Nərgiz məktəblərdən birində ingilis dili müəlliməsi işləyirdi. Eyni zamanda dərs saatlarından sonra Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq edirmiş. Burada Türkiyə firmasının dərmanlarını satırmış. Nərgiz şirkətlə işlədiyi müddətdə firmanın Türkiyədəki nümayəndəsi olan Xədicə adlı qadınla əlaqə saxlayırmış. Bir neçə dəfə satdığı dərmanların pulunu beynəlxalq poçt vasitəsilə Türkiyəyə göndərib. Belə bir ərəfədə bu uşağın sinəsi yanıb. Burada uşağa nə müalicə lazımdırsa ediblər, lakin həkimlər uşağın Türkiyəyə aparılmalı olduğunu deyiblər. Bunun üçün də vəsait lazım olub. Onun yoldaşı Fərəc də heç yerdə işləmir. Evdə tək pul qazanan Nərgiz imiş və təbii ki, uşağın müalicəsinə pul yox imiş. Qız təkid edib ki, Ruhəngizi müalicəyə aparsınlar, evdəkilər isə deyib ki, səbr et, bir müddət sonra gedərik Türkiyəyə, sən orada dərs deyərsən, uşağı da müalicə edərik. Bu minvalla qızın vaxtını alıblar. Lakin Nərgiz görüb ki, onların uşağı müalicəyə aparmaq fikri yoxdur. Bir müddət sonra da Türkiyəyə getməkdən tam imtina ediblər və deyiblər, get qohumların göndərsin".
Qanuni nümayəndənin sözlərinə görə, ər evindən əli üzülən Nərgiz öz ailəsinə və qohumlarına üz tutub, lakin burada da onun istəyinə əməl edən olmayıb: "Nərgizin ata-anası da uşağın Türkiyəyə aparılmasına razı olmayıblar və "ər evindəsən, get onlar həll etsinlər" deyiblər. Buna görə də, qız təkbaşına getməyə qərar verib. Ər evindən uşağını Türkiyəyə aparmaq üçün ərizə alıb. Onu da bildirim ki, Nərgiz son vaxtlarda dərman şirkətindəki pulunu almırmış. Deyirmiş ki, mənim pulumu yığın, istəyəndə göndərərsiniz. Məqsəd isə, uşağın müalicəsinə pul yığmaq olub".
Şaban Kərimov bildirir ki, hər iki ailəsindən öz qızına qarşı laqeydlik görən N.Qasımova övladını da götürərək fevral ayının 12-də Bakıya – dayısı Yusifin yanına yollanıb: "Dayısına Türkiyəyə getmək istədiyini deyib, lakin ondan evdəkilərə xəbər etməməsini xahiş edib. Bildirib ki, mənə Türkiyədən pul göndəriblər. Pulu göndərən Dəniz Əmrə adlı şəxs olub. O da həmin firmada işləyən Xədicənin qohumu imiş. Ona görə pul onun adından gəlib. Bunların hamısının qəbzi var".
NƏRGİZİN QIZI RUHƏNGİZİ KONYADA MÜAYİNƏDƏN KEÇİRDİYİNİ SÜBUT EDƏN SƏNƏD
Nərgizin dayısı Bakıda işləri olduğundan fevralın 13-də onları Bakıdan Konyaya yola salıb, özü isə 2-3 gün sonra gələcəyini deyib:
NƏRGİZ QASIMOVA VƏ QIZI RUHƏNGİZ QASIMOVANIN AZƏRBAYCANA GİRİŞ VƏ ÇIXIŞ VAXTLARI
"Dayısı onu Konyaya, öz dostu Vədat bəyin yanına göndərib. Bildirib ki, mənim işlərim var, 2 gün sonra gələcəyəm yanınıza. Özü də həqiqətən 2-3 gün sonra yollanıb Konyaya.
NƏRGİZ VƏ QIZI DAYISI YUSİFİN DOSTU VƏDAT BƏYİN AİLƏSİ İLƏ BİRLİKDƏ
Uşağı Konya hospitalında müayinədən keçiriblər. Sübut üçün sənədlərimiz var. Dayısı ilə də birlikdə qayıdıblar. Ölkəyə giriş tarixləri hamısı var. Deyirlər ki, guya dayısı onu Azərbaycana qaytarmaq üçün Konyaya gedib. Konya nə böyüklükdə şəhərdir. Gedib qızı necə tapa bilərdi? Absurd fikirlərdir hamısı".
Nərgiz Qasımova 21 fevral tarixində ölkəyə qayıtdıqdan sonra polis şöbəsində izahat verib: "Hətta bildirib ki, həyat yoldaşının ona işgəncə verməsi ilə bağlı polisə şikayət edəcək. Fərəc Qasımov evli olduqları son 1 il müddətində Nərgizə işgəncə verirmiş. Evdəki sobanı aparıb satıb, uşağını və yoldaşını soyuqda saxlayıb. Bundan başqa əxlaqsızlıq edirmiş. N.S. adlı qadınla yazışmalarının hamısı əlimizdə var. Lakin əxlaqsız sözlərdən istifadə etdiyindən verməyi uyğun bilmirik".
N.Qasımovanın qanuni nümayəndəsi Fərəc Qasımov barəsində şər atdığı üçün xüsusi ictimai ittiham qaydasında məhkəməyə müraciət edəcəyini və məsuliyyətə cəlb edilməsini tələb edəcəyini deyib.