Son zamanlar suda doğuş hallarına maraq çoxalıb. Körpənin bu formada dünyaya gətirilməsi ana-atalar tərəfindən həvəslə qarşılanır.
Unikal.org xəbər verir ki, Aile.lent.az suda doğuşla bağlı kiçik araşdırma aparıb.
Tarixdə ilk dəfə suda doğuş üsulundan misirlilər yararlanıb. Sonra isə uzun müddət suda doğuş unudulub. 1803-cü ildə Fransada yenidən bu üsuldan istifadə etməyə başlayıblar. 1970-ci illlərdə Rusiya və Fransada bu, dəb halını alıb. 1980-1990-cı illərdə İngiltərə, Kanada və Avropa ölkələrində geniş yayılmağa başlayıb.
 
Üstünlükləri 
Doğuşu uzun sürən hamilə qadını ilıq su ilə dolu bir vannaya salırlar. İlıq su hamilə qadının doğuş sancılarını azaldır və o, rahatlıqla döldən azad ola bilir. Bu üsulun əsas faydası ananın körpəni daha rahat və ağrısız dünyaya gətirməsidir. Suyun istiliyi uşaqlığa gedən qan axınını artırır. Artan oksigen isə ağrıları azaldır. İlıq su doğulacaq uşağın çıxış nöqtəsini daha elastikləşdirir. Bu, doğuş zamanı uşaqlıqda yarana biləcək yırtığın da qarşısını alır. Ekspertlər isə suda doğulan uşaqların sağlam və daha az ağlayan olduğunu deyirlər.
 
Etibarlılığı 
Bu mövzuda aparılan araşdırmaların ən məşhuru 1999-cu ildə İngiltərənin "British Medical Journal" dərgisində çap olunub. Təcrübə 1994-96-cı illərdə İngiltərədə 4029 suda doğuşu əhatə edib. Həmin illərdə hər min doğuşdan 6-sı suda baş tutub. Tədqiqatçılar suda doğulan körpələri ənənəvi yolla dünyaya gələnlərlə müqayisə ediblər. Sübut olunub ki, ənənəvi qayda ilə doğulan uşaqlarla suda doğulanlar arasında ölüm hallarında rəqəm fərqi yoxdur.
 
Onlar suda doğa bilməz
Herpes infeksiyası olanlar, dölün çanaq gəlişi zamanı, vaxtından əvvəl doğuş, hamiləlik zəhərlənməsi, şəkər kimi xəstəliklərdən əziyyət çəkənlər suda doğuşdan yararlana bilməzlər.
 
Doğuş suyunun hərarəti 
Doğuşun baş tutacağı vannadakı suyun hərarəti qadının vücudunun temperaturuna uyğun olaraq 37 dərəcə olmalıdır. Suyun istiliyi doğuş zamanı ardıcıl yoxlanılmalı və 37 dərəcədə qalmalıdır.
 
Suda doğulan körpənin nəfəs alması 
Suyun istiliyi və uşağın başının suyun içində olması nəfəs alma refleksini əngəlləyir, soyuq isə nəfəs alma refleksini artırır. Körpənin başı isti suyun içindən çıxarılıb daha soyuq olan hava ilə təmasa girən kimi tənəffüs refleksi artır və uşaq dərindən nəfəs almağa başlayır.
Suda doğuş zamanı atalar da həyat yoldaşlarına dəstək olurlar. Hətta doğuşu qəbul edən atalar da çoxdur. Atalardan biri isə suda dünyaya gələn əkiz övladlarını özü qarşılayıb. Aile.lent.az həmin doğuşun fotolarını təqdim edir.