Şəmkirdə 1 həftə bundan öncə xüsusi ustalıqla mağazanı yaran 21 yaşlı gənc qarətçi ələ keçib.
Unikal.org ARB-ə istinadən xəbər verir ki, Şəmkir sakini Eyvaz Əliyevin ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciəti cinayətin üstünün açılması baxımından özünü çox gözlətməyib.
Müşahidə kamerasına düşməmək üçün üz-gözünü bağlayaraq pəncərədən içəri daxil olan şəxsi polis tez bir zamanda müəyyən edib. Mağazadan nəğd pul, müxtəlif operatorlara məxsus danışıq kartları və tütün məmulatları oğurlandığı barədə Eyvaz Əliyev qarətin səhəri gün xəbər tutub.
Bu yolla mağaza sahibinə 1500 manat ziyan vuran şəxsin kimliyini polis kamera görüntüləri, eləcə də operativ əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirib. Rayon sakini 21 yaşlı Musa Hüseynov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxsin qarət barədə planı əvvəlcədən məlum imiş.
Hazırda Musa Hüseynovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Hüseynovun digər cinayətlərdə iştirakı araşdırılır.