Bakı Apellyasiya Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Hüseynova 18 il, Ceyhun Əsgərov 19 il, Nicat Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.
Xatırladaq ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nemətzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyidi tapılıb. Cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
Qətlə yetirilən M. Nemətzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.