Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yuri Vladimiroviç Raskovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin oğlu Valeriy Raskov ifadə verib. O bildirib ki, həyat yoldaşı ilə qeyri-rəsmi nikahda 1 il yaşayıblar: "Atamla mən və həyat yoldaşım bir yerdə yaşayırdıq. Atam özünü normal aparırdı, onu niyə qətlə yetirdiyini də anlaya bilmirəm. Atamın səhhətində heç bir problem yoxdur. İndi də onun xəstə olduğuna inanmıram. Qəsdən belə özünü xəstə kimi göstərir".
Şahid qismində təqsirləndirilən şəxsin qonşusu Elxan Heydərov da ifadə verib. Şahid deyib ki, qətlə yetirən qadını onun avtomobilində xəstəxanaya aparıblar. Onun sözlərinə görə, Y. Raskovun həyat yoldaşı rəhmətə gedəndən sonra, xarakterində dəyişiklik yaranıb.
Sonra məhkəmə qərarı elan edilib.
Məhkəmə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olmasını nəzərə alıb. Qərara əsasən, Y. Raskov barəsində tibbi xarakterli məcburi hərəkətlər tətbiq ediləcək və o, 1 saylı Psixiatriya Xəstəxanasına göndəriləcək.
Qeyd edək ki, hadisə Suraxanı rayonunun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1952-ci il təvəllüdlü Yuri Vladimiroviç Raskov aralarında yaranan mübahisə zəminində oğlu ilə qeyri-rəsmi nikahda olan 1982-ci il təvəllüdlü İnna Eduardovna Berezuevaya çoxsaylı bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq əməkdaşlarının apardığı əməliyyat nəticəsində qətli törədən Yuri Vladimiroviç Raskov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.