Xəbər verdiyimiz kimi bir müddət əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkaları müvəqqəti olaraq fəaliyyətini dayandırması barədə açıqlama vermişdi. O bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə bu yarmarkaların daha səmərəli yerlərdə təşkil edilməsi üçün danışıqlar gedir. Bunun üçün nazir rəsmi şəkildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət etmişdir.

Nazir unikal.org-a özəl açıqlamasında bildirib ki, artıq şəhər meriyası yarmarkaların təşkili üçün müvaffiq yerlər ayırıb və bununla bağlı razılaşma əldə olunub.

H.Əsədov onu da deyib ki, qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar mart ayının 16-dan 19-na kimi Bakı şəhərinin Səbail, Suraxanı, Nərimanov, Binəqədi, Yasamal rayonları və Sumqayıt şəhərində bayram yarmarkaları keçiriləcək. Yerdə qalan digər rayonların icra hakimiyyətlərinə də məktub ünvanlamışıq ki, ucuz bayram yarmarkaları təşkil etsinlər.

Nazir qiymətlərin bazar qiymətlərindən ucuz olacağını və bunun üçün hər hansı bir narahatçılığa ehtiyac olmadığını da dilə gətirib.

Orxan Həsənli