Dünəndən jurnalist Xaqani Səfəroğlunun metroda öpüşən gənclərlə bağlı yazdığı fikirləri böyük müzakirələrə səbəb olub. Jurnalistə qarşı əks cəbhə yaranıb və metroda öpüşməyin qanunsuz olmadığı xüsusi qeyd olunub.
Unikal.org istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayevlə açıqlama verib. O, bildirib ki, burada hər hansı bir qanun puzuntusu varsa, onunla hüquq-mühafizə orqanları məşğul olmalıdır:
"Metropoliten yalnız sərnişindaşıma ilə məşğuldur, yəni sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına cavabdeh bir qurumdur. Metro daxilində DİN-in polis şöbəsi var və bütün stansiyalarda onların əməkdaşları olur. Hər hansı bir qanun pozuntusu olsa, zərərçəkmiş şəxs onlara yaxınlaşa bilər. Bu zaman tədbir görülər. O iki gəncin nə etdiyini heç kim bilmir, sadəcə bir fərziyyədir. Əgər onlar ictimai asayış qaydalarını pozublarsa, bu zaman zor tətbiq etmək yox, hüquq-mühafizə orqanlarına yaxınlaşmaq lazımdır.
Mətbuat katibi metropolitendə öpüşməyin qanunsuz olub-olmaması ilə bağlı sualımızı da cavablandırıb:
"Metroda da Azərbaycan Respublikasının qanunları əsasında hərəkət edilir. Əgər ictimai asayışın pozulması halı varsa, bu zaman şikayət olunub-olunmamasından asılı olmayaraq polis əməkdaşları müdaxilə edir.
Bəs metroda, küçədə öpüşmək ictimai asayışı pozmaqdırmı?
Sualımıza ətraflı cavab tapmaq üçün bu dəfə vəkillər kollegiyasının üzvi Adəm Məmmədova məlumat verib. Vəkil bildirib ki, öpüşmək nə inzibati məsuliyyətdir, nə də ki, cinayət:
"Qanunvericilikdə elə bir norma yoxdur ki, onu tənzimləsin. O, sadəcə əxlaq normasıdır. Qanunvericilik elə münasibətləri tənzimləmir. Ola bilər ki, nişanlıdır, ya nəsə başqa bir şey. Bu kimi hallarda münasibət bildirən zaman söyüş və təhqirdən istifadə olunarsa, fiziki xəsarət yetirilərsə, bu zaman həmin şəxsə inzibati məsuliyyət düşür. Bu kimi hallarda polisə müraciət etmək ən doğrusudur. Hər hansı bir məsuliyyət olmadığı təqdirdə, polis də profilaktik söhbət aparıb sərbəst buraxacaq.(Qafqazinfo)