Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində elan olunan qasırğa ilə əlaqədar bir sıra obyektlərdən işçilərin təxliyəsini həyata keçirir.

Bu barədə Unikal.org-a şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, işçilərin təxliyəsi artıq başlayıb: "İş yerlərində yalnız operatorlar qalacaq. Bu yolla da neft və qaz hasilatı dayandırılmayacaq.

***13:35
Martın 31-də hava şəraitinin kəskin dəyişməsi, güclü küləyin əsməsi nəticəsində Xəzər dənizində gözlənilən qasırğa ilə əlaqədar Azneft İB-nin tərkibinə daxil olan Neft Daşları NQÇİ, Nərimanneft və Abşeronneft-də işçilər təhlükə ola biləcək ərazilərdən çıxarılıb.

Unikal.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O, bildirib ki, bəzi ərazilərdən işçilərin hamısı çıxarılıb, bəzilərində isə işçilərin sayı minimuma endirilib: "Neft daşlarından çıxarılan işçilərin sayı 35 nəfərdir. Qasırğa ilə əlaqədar Nərimanneft və Abşeronneft-ə məxsus dəniz qurğularından sahilə çxarılan işçilərin sayı ilə əlaqədar isə məlumat almağa çalışırıq.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində temperatur xeyli aşağı düşəcəyi ilə bağlı xəbərdarlıq edib. Məlumata görə, güclü qərb küləyi əsəcək. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacaq.

Xatırladaq ki, 2016-ci ilin dekabr ayında fırtına səbəbindən 10 nəfər neftçi düşüb. İki il öncə isə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olub.