Ermənistan diz çökür
12:56 12-07-2012
İQTİSADİYYAT
Ermənistan diz çökür
Əhali kütləvi etirazlara başlayır
Ermənistanda siyasi proseslər yenidən gərginləşir. Amma tək siyasi iddialara görə yox, həm də sosial partlayış səbəbindən. Ermənistan mətbuatının da qeyd etdiyi kimi ölkə əhalisinin 80 faizdən çoxu tam iflas həddindədir. Bu səbəbdən də əhalinin əksər hissəsi Ermənistandan qaçmağı düşünür və milyondan çox erməni ölkəni tərk edib.
Buna ilk reaksiya xatılayırsınızsa tanınmış xadim Şarl Aznavurdan gəlmişdi. O, açıq şəkildə bəyan etdi ki, bu gün Ermənistan rəhbərliyi ermənilərə qarşı soyqırım siyasəti həyata keçirir. Və ekspertlər bildirirdi ki, gec tez əhali buna görə ayağa qalxacaq. İndilikdə isə artıq ilk simptomlar görünməyə başlayıb. Belə ki, Kotaysk vilayətində İrəvan -Abovyan, Çarentsavan-İrəvan, eləcə də şəhər daxili avtobusların sürücüləri etiraz aksiyası keçirirlər. Məlumata görə, 80 avtobus və 40 sürücü xətdən çıxıb.
Qeyd edək ki, 6 ay öncədə eyni istiqamət üzrə hərəkət edən avtobusların sürücüsü işlərinə mane olduqları üçün "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanın pulsuz xeyriyyə avtobuslarından şikayət edirdilər.
Avtobusların şirkət sahibinin sözlərinə görə, xeyriyyə marşrutları qanunsuz işləyir: "Onlar başqalarının hesabına işləyirlər. Başqalarının hesabın xeyriyyə olmaz. Mən sürücüləri dəstəkləyirəm. Çünki onlar yanacaq ala və evlərinə 1000 dram belə pul apara bilmirlər".
Sabah keçirilməsi nəzərdə tutulan aksiyaya şirkətin 120 taksi sürücüsünün də qoşulacağı gözlənilir. Ekspertlər hesab edir ki, məsələ hələ daha da ciddiləşəcək. Çünki əhali korrupsiya və rüşvətə görə demək olar ki, yaşamaq hüquqlarını belə itiriblər. Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirirlər. Ermənistanda bu cür təhlükəli vəziyyətin yaranmasının səbəbləri çoxdur. Bunların sırasında, ekspertlərin fikrincə, korrupsiya bataqlığına yuvarlanmış məmurlar problemin həllinə elə də ciddi maraq göstərmirlər. Bundan başqa, korrupsiyaya qarşı mübarizə aparmaq üçün də qanunverici baza kifayət qədər möhkəm deyil. Ermənistanın qanunverici orqanı bu sahədə müvafiq sənədlərin hazırlanıb qəbul edilməsinə nədənsə diqqət yetirmir.
Belə bir mühitdə, şəraitdə bu respublikada gizli iqtisadiyyatın xüsusi çəkisi getdikcə artır. Hər bir vəzifəli şəxsin əsas marağı məhz dövlət əmlakının talanmasına, var-dövlətinin çoxalmasına, biznes sahəsinin genişlənməsinə yönəlib. Bunun nə ilə sona çatacağı isə onları qətiyyən narahat etmir: şübhəsiz, korrupsiya burulğanında boğulan dövlətin vətəndaşları yaşayış səviyyəsinin fəlakətli həddə çatdığı günlərin birində öz sözlərini deməyə məcbur olacaqlar... Artıq Ermənistanda belə bir ab-hava duyulur. Ayrı-ayrı sahələrin işçiləri küçələrə çıxır, hakimiyyətin mövqeyinə etirazlarını, narazılıqlarını bildirirlər.
Ermənistanda rüşvətxorluğun, korrupsiyanın geniş miqyas alması Beynəlxalq Valyuta Fondunun bu ölkədəki nümayəndəsi Qiyermo Tolos tərəfindən də bəyan edilib. Q.Tolosun fikrincə, korrupsiya artıq Ermənistanda sosial gərginlik yaradıb, gizli iqtisadiyyatın gündən-günə "çiçəklənməsi" ölkə vətəndaşlarını dilənçi vəziyyətinə gətirib çıxarıb. Respublikada yoxsulluğun səviyyəsi dəhşətli həddə çatıb.
Q.Tolos dediklərinə əlavə olaraq bildirib ki, Ermənistanda iqtisadiyyatın real dövriyyəsi ilə müqayisədə vergi yığımının səviyyəsi acınacaqlıdır. Belə vəziyyət isə heç Afrika ölkələrində də yoxdur.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi daha sonra vurğulamışdır: "...Fond Ermənistan hökumətinə bu vaxta qədər böyük həcmdə yardım göstərsə də, vergi yığımları sahəsində nəzərdə tutulan nəticə əldə edilməyib. Bunun əsas səbəblərindən biri sosial-iqtisadi sahələrdə islahatların ləng aparılması, əksər hallarda isə buna ciddi maraq göstərilməməsidir".
Ekspertlərin fikrincə, Ermənistanda sahibkarlığın inkişafından söhbət belə gedə bilməz. Müxtəlif yollarla bu sahənin tərəqqisi, dirçəlməsi ləngidilir. Çünki bu, məmurlara sərf etmir. Axı əksər biznes, ticarət obyektləri onların himayəsindədir. Təbii ki, belə halda yüksək vergi yığımı barədə nəsə demək qeyri-mümkündür.
Ermənistanda hakimiyyət dairələri korrupsiyaya qarşı mübarizə aparıldığını iddia edirlər. Əslində bu, beynəlxalq təşkilatları aldatmaqdan savayı bir şey deyil. Düzdür, korrupsiyaya qarşı mübarizə kağız üzərindən görünür. Aparılan qiymətləndirmələr isə bunun, necə deyərlər, "gözə kül üfürmək" məqsədi daşıdığını təsdiqləyir. Belə ki, hazırda Ermənistanda gizli iqtisadiyyatın xüsusi çəkisi ümumi daxili məhsulun 60 faizinə bərabərdir.
Ermənistanda çıxan "Ekspress" qəzeti korrupsiya ilə bağlı maraqlı bir məqama toxunur. Qəzet yazır ki, ticarətdə kassa aparatlarının tətbiqinə başlanılmaqla guya vergi yığımını artırmaq, korrupsiyanı zəiflətmək məqsədi qarşıya qoyuldu. Nəticəsi nə oldu? Heç nə dəyişmədi. Gizli iqtisadiyyatın dövriyyəsi azalmaq əvəzinə daha da artdı. Çünki bu tədbir heç bir səmərə verə bilməzdi - korrupsiyanın həcmi gündən-günə genişləndiyi bir şəraitdə başqa cür də mümkün deyil....
Ermənistanda varlılar - məmurlar getdikcə zənginləşir, biznes dairələri genişlənir, sadə əhali isə iş yeri tapmaqda çətinlik çəkir, gündəlik tələbatlarını ödəyə bilmir və çıxış yolunu ölkəni tərk etməkdə, xarici dövlətlərdə yaşamaqda görürlər. Qiymətlərin mütəmadi şəkildə bahalaşması mövcud durumu daha da ağırlaşdırır.
Bütün bu bahalaşma isə son nəticədə bir tərəfdən ərzaq məhsullarının, ayrı-ayrı xidmətlərin qiymətlərinin artmasına, digər tərəfdən isə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxardı. Vəziyyətin acınacaqlı şəraitdə olmasını Ermənistan Milli Statistika İdarəsinin məlumatları da təsdiqləyir: Bu ilin birinci rübündə Ermənistanda yaşayış məqsədilə çəkilən xərclər 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb. Ərzaq məhsulları 7 faiz, qeyri-ərzaq məhsulları 14,3 faiz bahalaşıb. Xidmətlərdə isə bu göstərici 10,6 faiz təşkil edib.
Ekspertlərin fikrincə, Ermənistan Milli Statistika İdarəsinin həmin göstəriciləri də əslində qeyri-realdır, yəni real vəziyyəti olduğu kimi əks etdirmir. Başqa sözlə, durum daha dəhşətlidir. Bu faktı sözügedən ölkənin sabiq baş naziri Qrant Baqratyan da təsdiqləyib. O, bildirib ki, hələ ötən il Mərkəzi Bank xarici valyutalar, o cümlədən dollara nisbətdə dramın ucuzlaşmasına yol verdiyi vaxt bəzi ərzaq növlərinin (yağın, ət məmulatlarının, şəkər tozunun) qiyməti 50 faizdən də çox bahalaşmışdı. Ona görə də ərzaq məhsullarının qiymətində yaranan bahalaşma Milli Statistika İdarəsinin hesabatında göstərilən rəqəmlərdən təxminən 2-3 dəfə çoxdur.
Ermənistanda korrupsiya, dövlət əmlakını mənimsəmə o həddə çatıb ki, hətta dövlət büdcəsindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, eləcə də kənd təsərrüfatına maliyyə yardımı ayırmaq müşkül məsələyə dönüb.
Ekspertlər bildirir ki, sosial vəziyyətin belə ağırlaşmasından hazırda ən çox istifadə etməyə çalışan qüvvə isə eks-prezident Robert Köçəryandı. Qeyd edək ki, eks-prezident yenidən hakimiyyətə gəlmək üçün aktivləşib və son parlament seçkilərində bu öz təsdiqini tapdı. Belə ki, Robert Köçəryanın yaxın çevrəsi hədəf olaraq müxalifəti yox, müttəfiq saydıqları hazırkı prezident Serj Sarksyanı seçdilər. Bununla da seçkilərdə ikinciliyi təmin etdilər. Ekspertlər bildirir ki, Robert Köçəryan prezident seçkilərində də istəyinə nail olacaq. Çünki bunun ciddi bir neçə səbəbi var. İlk növbədə ona görə ki, Serj Sarksyan hakimiyyəti dövründə həqiqətən də sosial vəziyyət daha da ağırlaşıb. Digər tərəfdən artıq Rusiya Ermənistana təsirini daha da artırıb və faktiki Ermənistan iqtisadiyyatı tam olaraq Rusiyanın təsirindədir və bu günlərdə Ermənistan Rusiyadan daha bir milyard dollar borc istəyib. Bu borcun verilməsindən sonra faktiki Ermənistandakı dövlət müəssisələrinin hamısı Rusiyanın monopoliyasında olacaq. Rusiya isə faktiki olaraq Robert Köçəryanın prezident olmasına çalışır və seçkilərdə bu dəstək açıq şəkildə görünəcək. Başqa bir amil isə dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Belə ki, Ermənistan rəhbərliyinin 5 ildə apardığı xarici siyasət tam iflas oldu və bu açıq şəkildə görünür. Serj Sarksyanın Türkiyə siyasəti də siyasilər tərəfindən ciddi narazılıqla qarşılandı. Onun Türkiyəyə getməsi, niyyət protokolu imzalaması Ermənistanın Türkiyə qarşısında ağ bayraq qaldırması kimi dəyərləndirildi. Bu gün hesab edilir ki, Serj Sarksyanın Qarabağ siyasəti bu şəkildə davam edərsə yaxın bir neçə ildə Ermənistan Qarabağa nəzarətini tamam itirəcək. Hesab edilir ki, son 5 il ərzində Azərbaycan xarici siyasətdə nə qədər hökümlü göründüsə, Ermənistan tərəfi o qədər məğlub duruma düşdü. Həqiqətən də son 5 il ərzində Azərbaycan tərəfi təklif olunan yeni formatları qəbul etməklə sübut etdi ki, danışıqlar prosesini pozan məhz Ermənistandır. Bu isə istər istəməz proseslərə təsir edəcək. Bununla yanaşı aydın oldu ki, Azərbaycan tərəfi Xocalı soyqırımını gündəmə gətirməklə və bəzi dövlətlərin bunu qəbul etməsi ilə Ermənistanın beynəlxalq imicinə ağır zərbə vura bildi. Bütün bunlar isə sübut edir ki, Serj Sarksyan Robert Köçəryan qarşısında geri çəkilməyə məcbur olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54