Azərbaycan Rusiyanın S-500 "Prometey və "Antey-4000 ən yeni zenit-raket sistemlərinin mümkün alıcılarından biri olması barədə informasiya Ermənistanda qorxu ilə qarşılanıb.

"İzvestiya nəşrinə müsahibəsində hərbi ekspert, "Silah ixracı jurnalının baş redaktoru Andrey Frolov deyib ki, Azərbaycan Rusiyanın ən yeni zenit-raket sistemlərinə maraq göstərə bilər. Onun sözlərinə görə, bu sistemlər ilk dəfə avqustun 22-də başlanan "Ordu-2017 sərgi-forumda xarici hərbi mütəxəssislərə təqdim ediləcək. Onlardan başqa, sərgidə yenilənmiş "Buk-M3 zenit-raket kompleksi də nümayiş olunacaq.

S-500 "Prometey və "Antey-4000 Rusiyada yaradılan hava-kosmik müdafiəsinin vahid milli sisteminin əsas elementləri hesab edilir. Ancaq onların real imkanları haqqında rəsmi informasiya praktik olaraq yoxdur. Məlumdur ki, S-500 hava-kosmik hədəflərinin geniş spektrini ələ keçirməyə qadirdir.

Azərbaycanın Rusiyanın sözügedən zenit-raket sistemləri alacağı halda İrəvanın "İsgəndər raketləri ilə bağlı mifi də birdəfəlik dəfn edilmiş olacaq. Xatırladaq ki, bu ilin əvvəlində İrəvanda hərbi paradda "İsgəndər raketlərini nümayiş etdirən Ermənistan hakimiyyəti "Azərbaycanla hərbi balans yaradıldı, ordumuz daha güclüdür kimi nağıllarla erməni ictimaiyyətini aldatmağa çalışırdı. Xüsusilə aprel məğlubiyyətindən sonra onların buna ehtiyacı var idi. İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500 kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən "İsgəndər-M raketi olduğunu iddia edirdi.

S-500 "Prometey artıq məşhur olan S-400 zenit-raket sistemlərinin yeni modifikasiyasıdır və ekspertlərə əsasən, istənilən hədəfi vura bilər.

Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir.

O, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iyul ayında "RİA Novostiyə verdiyi müsahibəini xatırladıb. Ermənistanın Rusiyadan aldığı "İskəndər raket kompleksləri haqda danışan Z.Həsənov Azərbaycanın "İskəndərləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib.Aram Amatuni bildirir ki, Rusiyanın bu bəyanatı kifayət qədər sakit qarşılaması bir sıra sualların ortaya çıxmasına səbəb oldu.

"Artıq Ermənistan mümkün Rusiya-Azərbaycan razılaşması olmadan belə böyük risk altındadır. Bu barədə danışıqların özü belə İrəvan üçün böyük təhlükədir. Bir neçə il sonra biz kifayət qədər ciddi fakt qarşısında ola bilərik. Bu, aprel müharibəsindən bir neçə dəfə təhlükəli olacaq. Aprel müharibəsi bir neçə milyard dollarlıq Rusiya-Azərbaycan hərbi-texniki razılaşmasının qarşısının alınmamasının nəticəsi idi, - erməni şərhçi yekunlaşdırıb.(publika.az)