Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, avqustun 23-ü gün ərzində və avqustun 24-ü gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.
ETSN-dən bildirilib ki, ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.