Havaların isti keçməsinin Bakıda və Abşeron yarımadasında torpaq sürüşməsi proseslərinin aktivləşməsinə təsiri yoxdur.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənov bildirib ki, torpaq sürüşməsinin aktivləşməsinə atmosfer yağıntılarının, küləyin, texnogen amillərin təsiri var: "Havaların isti keçməsinin bu prosesə təsiri yoxdur. Bəzi hallarda aldadıcı fon yarana bilir, yəni sürüşmə sahələrində olan çatlarda genişlənmələr ola bilir. Ancaq bu quraqlıqla əlaqədar olan amildir, sürüşmə prosesinin genişlənməsi demək deyil. Torpaq qatı quruyur və çatlarda genişlənmə əmələ gəlir.
R.Həsənovun sözlərinə görə, son zamanlar atmosfer yağıntıları olmasa da, Abşeron yarımadasında bəzi sahələrdə sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb: "Bu özünü Zığ sürüşmə sahəsində göstərib. Burada həm təbii, həm də texnogen amillərin təsirindən sürüşmə, çökmə prosesinin dinamikasında aktivlik baş verib. Bundan əlavə, Abşeron rayonunun Masazır qəsəbəsində "Zəli gölü deyilən ərazi var, bura yeni sürüşmə sahəsidir. Burada da həm təbii, əsasən də texnogen amillərin təsirindən sürüşmə və çökmə prosesinin dinamikasında aktivlik müşahidə edilib. Texnogen amillər dedikdə, burada yamacın şaquli kəsilməsi, təsərrüfat və tullantı sularının birbaşa yamaca axıdılması sürüşmə prosesində aktivləşməyə səbəb olur, çünki ərazidə olan suxurlar atmosfer yağıntılarına, təsərrüfat və tullantı sularına, yuyulmaya həssasdır. Eyni zamanda, ərazidə bir neçə yerdə evlərin tikilməsi yamacın dayanıqlığının itirilməsinə səbəb olub.
R.Həsənov vurğulayıb ki, qeyd olunan ərazilər sürüşməyə meyillidir, burada həmişə proses gedir: "Daim müşahidə edirik ki, bu ərazilərdə aktivlik var.