Mingəçevirdən Bakıya gələn sürücü yolda radara düşüb. Sürücü iddia edir ki, o, sürət həddi saatda 110 kilometr olan yolda 95-lə hərəkət edib. Amma bir neçə gündən sonra ünvanına elektron protokol gəlib ki, 70-lik sürət həddini aşdığına görə cərimə edilib. Sürücü günahsız olduğunu sübut etməkdən ötrü yenidən həmin yerə gedərək ərazidəki nişanları çəkib. Məlum olub ki, sürücü sürət həddi saatda 110 kilometr olan yolda 95-lə radara düşüb.

Unikal.org xəbər verir ki, əslən Kəlbəcərdən olan məcburi köçkün Elmir Göyüşov iddia edir ki, Bakı-Ələt-Qazax yolunun 23-cü kilometirliyində sürət həddinin saatda 110 kilometr göstərilən yerdə 95-lə hərəkətdə olub. Amma bir neçə gün sonra sürücünün ünvanına elektron cərimə protokolu gəlib ki, sürət həddini aşıb.

Sürücü bundan sonra həmin əraziyə gedərək, yoldakı müvafiq nişanı da çəkib. O, həvəskar çəkilişdə belə izah edir ki, saatda 70 kilometr sürət hansı hissədən başlayır.

Sürücü yoldakı polis postlarından birinə yaxınlaşaraq onları məsələ ilə bağlı xəbərdar edib. Postdan ona bildiriblər ki, sürət həddini aşdığına görə 50 manat məbləğində və 2 bal cərimə edilib. Qanunsuz olaraq cərimə edildiyini deyən sürücü Elmir Göyüşov cəriməsinin silinməsini tələb edir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, belə halla rastlaşan sürücülər idarəyə və yaxud da ''902''- qaynar xəttinə məlumat versinlər. Məsələ tez bir zamanda araşdırılacaq. Əgər həqiqətən də sürücünün iddiası doğru olarsa, elektron protokol ləğv ediləcək.