İstər yük, istərsə də minik avtomobilinə normadan artıq yükün yığılması böyük təhlükədir. Çünki adi diqqətsizlik ağır qəzalara səbəb ola bilər. Votsap nömrəmizə nəzərdə tutulduğundan dəfələrlə artıq yükdaşıma ilə bağlı bir neçə video göndərilib. Görünən odur ki, bununla bağlı edilən xəbərdarlıqlara baxmayaraq sürücülər yenə də məsuliyyətsizliyə yola verirlər.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, yük maşınına normadan artıq lazımsız metal tullantılar doldurulub. Ən üstə deformasiyaya uğramış minik maşınının hissələri qoyulub. Amma sözügedən hissənin bərkidilməməsi açıq-aydın görünür.

Qəfildən əyləc basılsa, metal tullantı yola düşərək qəza riski yarada bilər.

Votsap nömrəmizə göndərilən başqa kadrlarda isə minik maşınına nəzərdə tutulduğundan çox yük yığıldığı görünür. Avtomobilin baqajı ilə yanaşı damında da xeyli yük var. Belə vəziyyətdə adi diqqətsizlik ağır qəzaya səbəb ola bilər.

Görüntülər xüsusilə bölgələrdə avtomobillər vasitəsilə yükdaşıma qaydalarına əməl edilməsinin vacibliyini aktuallaşdırır. Qanunverciliyə əsasən yükdaşıma qaydalarının pozulmasına görə sürücü 40 manat miqdarında cərimə edilməldir.

Bəzi ekspertlər hesab edirlər ki, təhlükənin miqyası ilə cərimənin məbləği tərs mütənasibdir. Mütəxəssislər buna görə cərimələrin miqadarının artırılmasının tərəfdarıdırlar. Onlar hesab edir ki, yüksək cərimə sürücüləri belə məsuliyyətsizlikdən uzaqlaşdıra bilər.