Ölkə başçısının Azərbaycanda növbədənkənar prezident seçkiləri elan etməsi barədə 2018-ci il 5 fevral tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyası "2018-ci il üçün iş vaxtının normasında və "2018-ci ilin istehsalat təqvimində müvafiq dəyişikliklər edib.

Bu barədə unikal.org-a Nazirlyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, qərara əsasən, "2018-ci il üçün iş vaxtının normasında dördüncü abzasın üçüncü, dördüncü və beşinci cümlələri və beşinci abzas çıxarılıb və yeni abzas əlavə edilib. Həmin abzasda qeyd olunub ki, "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli sərəncamına və "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 2018-ci il 6 fevral tarixli 1/1 nömrəli Qərarına əsasən, 2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü kimi nəzərə alınır.

Şöbə müdiri qeyd edib ki, qərarla həmçinin "2018-ci ilin istehsalat təqvimində aprel və oktyabr ayları üzrə aylıq iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "168 rəqəmi "159 rəqəmi ilə, "175 rəqəmi "184 rəqəmi ilə, II və IV rüblər üzrə rüblük iş vaxtı normasına aid hissələrdə müvafiq olaraq "469 rəqəmi "460 rəqəmi ilə, "502 rəqəmi isə "511 rəqəmi ilə əvəz edilib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrdə edilən dəyişikliklər Nazirliyin rəsmi internet səhifəsindəki "İstehsalat təqvimi bölməsində də yerləşdirilib.
E.Babayev onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir:

"Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar (əmək şəraiti ilə əlaqədar qısaldılmış iş vaxtı müəyyən edilən hallardır) istisna olunmaqla, qalan iş yerlərində səsvermə günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.