Abbaslı Müsavat Partiyasından istefa verib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya T. Abbaslı özü bildirib.
O, istefa ərizəsinin mətnini də açıqlayıb, istefasını Müsavatın sonuncu qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib: "Biz ailəlikcə müsavatçı olmuşuq. Hər zaman müsavatçılıq ideologiyasının ölkəmizdə qalib ideologiya olacağına, mövcud durumu dəyişərək demokratik cəmiyyət quracağına inanmışıq. Təəssüf ki, bu inancımız Müsavat Partiyasının son qurultayından sonra sarsılmağa başladı. Qurultaydan sonra partiyada aparılan siyasətin, müsavatçılıq ideologiyası ilə üst-üstə düşmədiyi, partiyadaxili mühitin müsbətə doğru dəyişdirilməsi üçün lazımi istək və iradənin olmadığının qənaətinə gəldim. Enerjimin daxili çəkişmələrə və intriqalara sərf etməyin faydasız olduğunu düşünərək, partiya ilə yolumu ayırmaq qərarına gəldim. Həqiqi müsavatçılara gələcək mübarizələrdə uğurlar arzulayaraq, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!"
 
Müsavat Partiyasının başqan müavini Elman Fəttah deyib ki, T. Abbaslı partiya üzvü olmasına baxmayaraq, bütün fəaliyyətini Müsavata qarşı yönəldib: "Artıq istefasını rəsmiləşdiribsə, mən bu addımı alqışlayıram. İndiyədək istefa verməməyinə çox bəsit əsaslar gətirirdi, nəhayət, istefa verdi. Buna görə ona öz təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, Müsavat başqanlığına sabiq namizəd T. Abbaslı istefasını partiyanın qurultayından sonra yaranan vəziyyətlə əlaqələndirib.