Salyanda cinayətkar aləmdə "Tağı Salyanski" ləqəbi ilə tanınan Tağı Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən qanunsuz olaraq silah-sursat aşkar olunub.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Qasımov saxlanılıb.
Rəşad Nuriyev - Salyan Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi: "Əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə "Tağı Salyanski" ləqəbi ilə tanınan Qasımov Tağı Əli oğlu şübhəli şəxs qismində saxlanılmışdır".
Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman "Makarov" konstruksiyalı tapança, 4 ədəd patron aşkar edilərək götürülüb. Polis şöbəsinə gətirilən Tağı Qasımov törətdiyi əməlləri etiraf edib.
Tağı Qasımov - saxlanılan şəxs: "Qəbiristanlığa qəbir üstünə getmişdim, oradan tapmışam. Düşmənli adamam. Düşmənlərim var".
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.