Qəhrəman leytenant Qabil Orucəliyevin döyüş yolu və şəhidliyi barədə yazını təqdim edirik:

Orucəliyev Qabil Əbdüləli oğlu 15 sentyabr 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olub. O uşaqlığını Naxçıvan şəhərinin Xıncov məhəlləsində keçirib. O, 14 yaşında olarkən həyatın ilk acısını dadır. 7-ci sinifdə oxuyan Qabil atasını itirir. Bu yeniyetmənin həyatında aldığı ağır zərbə olur. Buna baxmayaraq o ayaqüstə dayanmağı bacarır. Qarşısına məqsəd kimi hərbçi həyatı yaşamağı qoymuşdu. Özü də bu arzusuna çatmaqda israrlı idi. O, 2006- cı ildə arzusunun ilk pilləsinə çatır. Naxçıvanda yerləşən Heydər Əliyev adına hərbi liseyə daxil olur. Burada artıq Qabil hərbinin ilk qaydaları ilə tanış olmuşdu və peşəkar hərbçi olmaqda daha da israrlı idi. 2009-cu ildə liseyi bitirən Qabil, elə həmin il H.Əliyev adına AR Ali Hərbi Məktəbinə daxil olur. 2013-cü ildə oranı leytenant hərbi rütbəsi ilə bitirən gənc zabit bu yolda iri addımlarla irəliləməkdə davam edir. O, peşəkarlığını artırmaq məqsədi ilə 2013-2014-ci illərdə AR SQ-nin TTM-də təkmilləşdirmə kursu keçir. Artıq o zabit kimi özünü hazır hesab edir və xidməti yerinin təyin olunmasını səbirsizliklə gözləyirdi. 

Zabitin şərəfli yolunun başlanğıcı…

2014- cü ildə Qabil Orucəliyev xidməti fəaliyyəti üçün Naftalan şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilir. 4-5 ay xidmət edəndən sonra cəbhənin daha ön hissəsinə göndərilir. Vətəni bütün varlığı ilə sevən zabit düşmənlə üz-üzə Tərtərin Borsulu kəndi istiqamətində post komandiri olaraq xidmətini davam etdirir. Xidmət məkanı və şərait çətin olsa da, silahdaşları ilə birlikdə düşməni susdurmağı bacarırdı. O motoatıcı tağımın komandiri idi. Xidmətini uğurla və intizamla aparan zabit mükafatlara da layiq görülmüşdü. Zabit işindən və şəraitindən çox razı idi.





Məktəbdə başlayan sevgi…Leytenantın şəxsi həyatı…





Qabil Orucəliyev oxuduğu 1 nömrəli məktəbdə artıq ilk sevgisini tapmışdı. Onun aşiq olduğu qız elə bir yerdə oxuduğu sinif yoldaşı idi. Tale elə gətirir ki, bu sevginin sonu rəsmi evliliklə yekunlaşır. 2015-ci ilin iyun ayının 9-da gənc leytenantın toy mərasimi keçirilir. Gənc leytenant artıq həyatın ailə şirinliyini dadırdı. Buna baxmayaraq Qabil Orucəliyev yeni qurduğu ailə ilə üst-üstə heç 4 ay yaşaya bilməmişdi. Çünki, o vətənə borcunu yetirmək üçün xidmətdə idi. Evli olduğu 9 ayda isə çox az müddətdə ailəsinin yanında ola bilirdi. Elə bunun nəticəsidir ki, o yeni doğulan övladının üzünü belə görə bilmir. 
Şəhid leytenantın həyatının daha bir maraqlı məqamı isə üzünü görə bilmədiyi övladı və onun dünyaya gəlməsi ilə bağlıdır. Uşağın dünyaya gəlməsi mart ayının ortalarında olmalı idi və Qabil də həmin müddətdə məzuniyyət götürüb Naxçıvana getməli idi. Ancaq bu baş vermir. Uşağın dünyaya gəlişi bir qədər geçikir. Bu da taleyin bir yazısı imiş. Martın 29- da gecə saatlarında uşaq dünyaya gəlir. Şəhid leytenantımız xidmətdə olduğu üçün oğul övladının üzünü görə bilmir. Ancaq dostuna yazdığı mesajda oğul atası olduğunun sevincini bölüşür və səbirsizliklə həmin görüşü gözlədiyini qeyd etmişdi…


Qəhrəman leytenantın son döyüşü...

Onun qəhrəmanlığından və son sözlərindən döyüş yoldaşı olmuş gizir İbrahimov danışır...






Ayın 29-u oğlu dünyaya gəldi. Həmin vaxt Qabil çox sevinirdi. Telefonu susmurdu. Hər kəs zəng edirdi. Ondan soruşduq ki, komandir, nə vaxt gedirsən? Dedi ki, istəyirəm elə gedim ki, uşağımı doyunca görüm. Bu söhbət ayın 29-u gecə olmuşdu. Artıq aprelin 1-i idi. Düşmən bizim postlara təxribat xarakterli hücumlar etmək istəyirdi. Aprelin 1-dən 2-sinə keçən gecə keçən gecə düşmən tərəfi qəfil hücuma keçdi. Bizə onları susdurmaq əmri verildi. Biz düşməni əks həmlə ilə geri oturtmalı idik. Çünki, bu dəfə tam fərqli bir şərait yaranmışdı. Ermənilərin məqsədi bizim postları almaq idi. Komandirlər hücum əmri verəndən sonra Qabil bizi yığdı və təlimatları verdi. Onun son sözü bunlar oldu : "Biz Vətən qarşısında ciddi sınaq qarşısındayıq. İstəyirəm Talışı ( red- Talış yüksəkliyini nəzərdə tutur) biz alaq. Ora öz bayrağımızı sancaq və ailəmizə qəhrəman kimi qayıdaq. Mən istəyirəm ki, oğlumu görməyə qəhrəman ata kimi qayıdım. Əgər biz Talış yüksəkliyini alsaq, dövlətimiz də bizi qəhrəman kimi qiymətləndirəcək". Onun bu sözlərindən sonra bütün döyüşçülərdə yüksək əhval-ruhiyyə yarandı və hər birimiz son damla qanımızadək döyüşməyə hazır idik. 





Həmin vaxt MAXE Adil Adilzadə, baş-leytenant Cavid Dədəkişiyev və leytenant Qabil Orucəliyev gizirlərlə birlikdə düşmənə tərəfə əks hücuma keçdik. Birinci şiddətli döyüşdə düşmənin bir postunu aldıq və səngərlərinə girdik. Orada üz-üzə döyüşlər oldu. Qarşımıza çıxan erməniləri qırırdıq. Qabil çox sərrast atırdı. Düşmən başını itirmişdi. Onlar əllərində olan bütün texnikadan atmağa başladılar. Xeyli ermənini məhv edəndən sonra birinci postu aldıq. Orada səngərin arxa tərəfində bir yer var idi. Ora qorunmaq üçün bir tikili idi. Qabil orada dayandı və siqaret yandırdı. Nəsə fikrə getmişdi. Biz belə başa düşdük ki, üzünü görmədiyi övladı yadına düşmüşdü. Orda bizə dedi:"Biz ermənidən qorxmamalıyıq. Ermənilər kimdir axı? Onlar qorxaq millətdir". Bu sözləri deyəndən sonra məni və başqa giziri alınan həmin postda qoyub, MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə irəli getdilər. Belə fikirləşdim ki, mən evin yeganə oğlu olduğum üçün və anamın mənim himayəmdə olduğu üçün Qabil məni aldığımız postda saxladı. Biz orada dayandıq ki, onlara arxadan hücum olarsa, qarşısını alaq. Həmin vaxt onlar bizdən aralanıb, xeyli irəli getdilər.


Artıq düşmən ciddi itkilər vermişdi.Ona görə də bütün növ silahlardan atırdılar. Qabilgil düşməni məhv edərək irəliləyirdi və bizdə arxadan onları qoruyurduq. Həmin vaxt yanımıza mərmi düşdü və baxdım ki, başımdan və qolumdan qan axır. Elə bildim ki, artıq şəhid oluram. Ancaq özümdə güc topladım. Yanımda olan hərbçi yoldaşım məni geri çəkdi. Çox ağır yaralanmışdım. Orada dedim ki, Qabilgil çox irəli gediblər. Onlara kömək lazımdır. Ondan sonra nə baş verdiyi bilməmişəm. Onlar 10 kilomterdən çox getmişdilər. Sonradan mən digər döyüş yoldaşlarımızla əlaqə saxlaraq öyrəndim ki, onlar Talış yüksəkliyinə qədər gediblər. Onlara kömək çatana kimi ermənilər onları vurubmuş. Döyüşlərdə əvvəlcə Adil qolundan güllə yarası alıb. Buna baxmayaraq o döyüşü davam etdirib. Hər üçü bir yerdə şəhid olublar.


Qabilin ailəsi ilə son danışığından və arzusundan yaxın qohumu Əpoş Vəliyev (Elyar İslam) danışır...




Qabil son döyüşündən qabaq Aprelin 1-də anası ilə telefonda danışıb... Anası ilə zarafat edərək, nənə olduğu üçün onu birdə təbrik etmişdi. O, sanki, gələ bilməyəcəyini hiss etmişdi. Telefonda deyib ki, uşağa atasının adını qoysunlar. Mən nə vaxt gələcəyimi bilmirəm. Bundan sonra onunla danışıq olmayıb. Sonra şiddətli döyüşlər başlayıb. Ailəmiz çox narahat idi. Çünki, Qabilin telefonuna zəng də çatmırdı. Artıq hiss etmişdik ki, nəsə baş verib. Çünki, O, ailəsinə bağlı biri idi və sağ olsaydı mütləq ailəsi ilə əlaqə saxlayıb, narahat olmamağımız üçün bizə xəbər verərdi. Tez-tez Müdafiə Nazirliyi ilə əlaqə saxlayırdıq. Oradan bizə məlumat verdilər ki, Qabil şəhid olub. Ayın 5-də erməni saytlarında onun fotolarını gördük. Bundan sonra Qabilin şəhid olduğuna tam əmin olduq. Ermənilər Qabilin vurulduqdan sonrakı şəkillərini çəkib, saytlarda yayımlayırdılar. Onun meyidinin şəkillərinin yayılması bizə çox pis təsir edirdi. Amma görün erməni nə qədər qorxaqdır ki, onlar yalnız Azərbaycan hərbçiləri öldükdən sonra ona yaxın düşə bilir. Meyidin şəklini çəkib sosial şəbəkələrdə paylaşmaqla, meyidlərə təhqiredici hərəkətlər eləməklə ermənilər murdarlıqlarını, qorxaqlıqlarını bir daha sübut etdilər. Ermənilər bu gün də Qabil haqqında yazırlar. Onlar Qabili kəşfiyyatçı kimi təqdim edirdilər. Buna görə də meyitlərin qaytarılmasını gecikdirirdilər. Ona görə də 8 gün gecikdirdilər. Biz meyiti alandan sonra baxdıq. Onun alnında güllə yarası var idi. 





Anası Qabilin şəhid olmasını 10 apreldə bildi. Onlara deyilmirdi. Çünki, anası onu uşaqlıqdan atasız böyütmüşdür. Yoldaşına isə yalnız Qabilin cənazəsinin gətirildiyi gün deyildi. Çünki, o təzə uşaq dünyaya gətirmişdi və biz istəmirdik ki, cənazə gətirilənə kimi bu xəbəri bilsin. Yoldaşı həmin gün Qabili yuxusunda görüb. Yoldaşı həmin yuxunu belə danışırdı:

"Qabil yuxuma girdi. Mənə dedi ki,oğlumuzu sənə tapşırıram. Ondan muğayat ol. Torpaqlar alınana kimi müharibə hələ davam edəcək. Mən onsuz da haçansa şəhid olacaqdım. Şəhidlər ölmür. Sən, ağlama!"

Cənazə gəlməmişdən yoldaşı da nəsə hiss eləmişdi. Çünki 8 gün idi ki, Qabillə əlaqə yox idi. Amma Qabilin həyat yoldaşı özünə təskinlik verərək deyirdi ki, "Qabil məni və oğlunu tək qoyub getməz. O, bizi çox sevir ". Şəhidin cənazəsi Naxçıvana gətiriləndə yoldaşına zəng etdilər ki, gəl, Qabillə vidalaş. Çünki həmin vaxt Qabilin yoldaşı anasıgildə idi. 

Qabilin cənazəsinin Naxçıvana gətirildiyi gün sanki bütün həyat dayandı. On mindən çox insan hava limanına axışmışdı. Cənazə evə aparılarkən yol kənarlarına toplaşmış insanlar hamısı ağlayırdı. Qabilin dəfnində anası onun cənazəsinin altına girərək, qəbiristanlığa kimi onu çiynində daşıdı. Onların yaşadıqları yerdən dəfn edildiyi yerə kimi xeyli məsafə olmasına baxmayaraq insanlar Qabili çiyinlərində apardılar. 
Dəfndə anası başını dik tutdu. Orada gənclər bir ağızdan deyirdilər : "Ağlama, Ana! Biz hamımız Qabilik!" Anası gənclərə cavab verirdi: "Ağlamayacam! Mənim oğlum qəhrəmandır. Onu qəhrəman kimi dəfn edəcəm". Qabilin bir balaca qardaşı da var. O cəmi 11 yaşındadır. Dəfndə bayrağı da ona təhvil verdilər. İsa "Vətən sağ olsun" deyə gülümsədi. 




Şəhidin qardaşı İsa


Qabilin Beyləqandan olan keçmiş bir əsgəri var idi. O mənimlə telefonda əlaqə saxlayıb, deyirdi ki, Qabilin cənazəsi Bakıya gətiriləndə mütləq mənə deyin. Mən komandirimlə vidalaşmaq istəyirəm. Cənazə gələn gün mən ona xəbər verdim və gecə olmasına baxmayaraq, həmin keçmiş əsgər gəlib, son dəfə keçmiş komandiri ilə vidalaşdı. Qabilin dostları, kursant yoldaşları, əsgərləri cənazə alınana kimi mənə gün ərzində bir neçə dəfə zəng edirdilər. Hamısı xahiş edirdi ki, cənazə Naxçıvana gətiriləndə xəbər edin. Biz qardaşımıza son borcumuzu vermək istəyirik. Dəfn vaxtı onlar hamısı gəlib, iştirak etdilər. 
Qabilin dəfnindən 1 gün sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri Vasif Talıbov da başsağlığı vermək üçün gəlmişdi. Həmin günü Vasif müəllimin anası vəfat etmişdi və cənazəsi Bakıdan Naxçıvana gətirilirdi. Buna baxmayaraq Vasif müəllim hüzürün keçirildiyi yerə gəldi və başsağlığı verərək bir neçə saat bizimlə oturdu. Bu şəhid ailəsi üçün böyük dəstək demək idi. Həmçinin digər bəzi rəsmilər üçün bir örnək idi. Bəzi məmurlar cəbhədə hərbçilərin yanında olmalı olduqları halda, italyan müğənninin konsertinə getdilər. Bu şəhid ailələri üçün hörmətsizlikdir. Bu gün ən böyük istirahətə ehtiyacı olan və haqqı çatan müdafiə naziri cənab Zakir Həsənov və cəbhədə döyüşənlərdir. Bu günlərdə prezidentimiz və xanımı birbaşa cəbhəyə getdi və oradakı insanlara, hərbçilərə dəstək oldular. Bu örnək deyilmi? Ümid edirəm ki, bəzi məmurlar da Prezidentdən örnək götürər və konsertlərdə əylənməkdənsə, cəbhə bölgələrinə səfər edib, oradakı insanların çətinliklərinə kömək edərlər.

Qabilin övladı ilə bağlı arzusu...




Şəhidin övladı balaca Qabil



Qabil övladına atasının adını qoymaq istəyirdi. Atasının adı Əbdüləli idi. Amma son zamanlar qoşa adların qoyulmasına icazə vermirdilər. Qabil qərara gəlmişdi ki, uşağın adını Əli qoyar. Bu atasının adının qısalmış variantı idi. Ancaq bu qismət olmadı. Qabil şəhid olana kimi uşağa Əli deyirdilər. Qabil şəhid olduqdan sonra övladına onun öz adını qoydular. Qabil Qabil oğlu Orucəliyev. Uşağa ad qoyulanda anası dedi : "Qoy ermənilər sevinməsinlər ki, biz Qabili öldürdük. Bu gün mən yenidən qəhrəman Qabili böyüdürəm. Çalışacam onu da atası Qabil kimi qəhrəman böyüdüm. Qabillər ölməyəcək, yeni-yeni Qabillər doğulacaq". Bu çox təsirli bir mənzərə idi.

Qabil, Adil, Cavid... 3 dost, 3 qəhrəman...





Bildiyiniz kimi Qabil döyüşdə MAXE Adil Adilzadə və baş leytenant Cavid Dədəkişiyevlə birlikdə şəhid olub. Qabillə Adilin həm də yaxın dostluğu olub. Bir maraqlı məqam da var ki, onlar bir-birlərinin bəhsinə bığ saxlayırdılar. Qabildən soruşandaki, niyə bığ saxlayırsan? Cavab vermişdi: "Oğul atası gərək bığlı ola." Onlar bığ saxladıqları üçün xarici görünüşcə şəhid Adil Adilzadə ilə bənzəyirdi. Onlar dost idilər. Həmişə bir yerdə olurdular. Elə bir yerdə də şəhid oldular.


Allah bütün şəhidlərimizə rəhmət eləsin !
 
Femida.az