Sağlığında 2 ay ödəniş edən İmişli sakini ağır xəstəlikdən dünyasını dəyişib. Onun ölüm şəhadətnaməsinin surəti də banka təqdim olunub. Buna baxmayaraq, mərhumun barəsində məhkəmədə iddia qaldırılıb.
İmişli Rayon Məhkəməsi (hakim Ülvi Qənbərov) "AccessBank" QSC-nin "kredit müqaviləsi üzrə borcun tutulmasına dair" ərizəsinə baxaraq, tələbi təmin edib. Çıxarılan məhkəmə əmrinə görə, İmişli rayon sakinləri Vaqif Məmmədov və Qalib İbadovdan müştərək qaydada əsas borc, ona hesablanan faiz və ödəniş tapşırığının gecikdirilməsinə görə cərimə ilə birgə, 2283 manat 82 qəpik, habelə ərizəyə məhkəmədə baxılması üçün ödənilən 20 manat dövlət rüsumu tutulub tələbkara qaytarılmalıdır.
Unikal.org xəbər verir ki, bu barədə Sputnik-ə məlumat verən, İmişli rayonunun Bəcrəvan kəndində yaşayan, Vaqif Məmmədovun həyat yoldaşı Şamama Məmmədova bildirir ki, bank məhkəmədə iddia qaldırmazdan əvvəl əri dünyasını dəyişib və bu haqda bank da məlumatlı olub: "Həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bankdan borcu müalicə məqsədilə götürmüşdü. Sağlığında 2 ay ödəniş edib. Gecikdirmə olanda bank işçiləri qapımıza gəldi. Dedik, Vaqif vəfat edib, ölüm şəhadətnaməsinin surətini də verdik. Bunun üstündən onu məhkəməyə veriblər, üstəlik gecikdirməyə görə cərimə də hesablayıblar".
İmişli Kommunal Müəssisələri İstehsalat Birliyinin işçisi Qalib İbadov Vaqif Məmmədova zamin dayanıbmış. O bildirir ki, məhkəmənin qərarından yalnız maaşından tutulma olanda məlumatlı olub: "İşə iştirakımla baxılmaması bir yana, məhkəmə qərarını da mənə vaxtında göndərməyiblər ki, ondan şikayət edim".
"Qəribədir ki, bu qərarda ölünün üzərinə borcu mənimlə müştərək qaydada ödəmək öhdəliyi qoyulub. İndi mən bilmirəm bu məbləğin nə qədər hissəsi mənim üzərimə düşür", deyə Q. İbadov bildirib.
Sputnik-in sorğusunu cavablandıran "Accessbank" QSC-nin hüquqşünası Fərid Bayramov vəfat etmiş müştəriyə qarşı iddia qaldırılma faktını təsdiqləyib: "Hüquqi prosedur belədir ki, tələb borcu götürmüş şəxsə qarşı qaldırılmalıdır, hətta həmin şəxs ölübsə belə. Borcun vəfat etmiş şəxsin hüquqi varisləri və ya zamindən tutulmasını məhkəmə müəyyən edir".