Bu gün Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
 
Unikal.org APA-nın xəbərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklərdən biri boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlıdır.
 
Hazırda qüvvədə olan qanuna görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalmasını müəyyən etməlidir. Dəyişikliyə görə isə bundan sonra məhkəmə həm də uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb, yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməlidir.
 
Məcəlləyə təklif edilən digər dəyişikliyə görə məhkəmənin qətnaməsi qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
 
Digər dəyişikliyə əsasən isə müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasının dövlət qeydiyyatını aparır.
 
Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.
 
Layihə MM-in plenar iclasına tövsiyə olunub.