Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə önəmli məsələyə toxunub.  O çıxışında bildirib ki, Azərbaycana idxal edilən qəzet kağızının ƏDV-dən azad olunmasını vacib sayıb. 
 

Onu da qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Əflatun Amaşov Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Qanun layihəsinin müzakirəsi zamanı bır sıra məqamları qaldırıb.

Ə.Amaşovun çıxışını olduğu kimi təqdim edir: "Mən də öz növbəmdə Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Qanun layihəsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, dəyişikliklər ölkədə iqtisadiyyatın, sanayenin inkişafı istiqamətində həyata keçirilən ümumi tədbirlərə dəstək baxımından əhəmiyyətlidir. Yeniliklər bir növ, tamamlayıcı funksiya daşıyır. Çünki sənayenin inkişafında stimullaşdırıcı tədbirlər olmalıdır. Miqrasiya Məcəlləsinə dəyişikliklər səmərəli insan resurslarının, əcnəbi mütəxəssislərin ölkəmizə cəlb edilməsi prosesini asanlaşdırmağı rəhbər tutur. Bu isə son dərəcə zəruridir.

Eyni zamanda iki məqama da diqqət yetirmək istərdim. 

Mən, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Gürcüstanda tez-tez oluram. Orada müxtəlif qurumların nümuyəndələrilə, sadə vətəndaşlarla görüşürəm. Sonstatistik göstəricilərə görə, Gürcüstanda 230 minə qədər azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri - ya ər, yaxud arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhəddi keçməlidirlər.

Prosedur belədir ki, Azərbaycana gələn əcnəbilər on gün müddətində ya ASAN xidmət mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir. Bəzən vaxt çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Ümumən müxtəlif subyektiv və obyektiv səbəblər var. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır.

Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın.

Mən əsasən Gürcüstanın timsalında məsələyə diqqət yetirdim. Oradakı soydaşlarımızın mənafeyi baxımdan öz fikrimi bildirdim. Ancaq Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də, elə bu dəyişiklikdə nəzərdə tutulan insanlar üçün də əlverişli olar.

Bir məqəma da diqqət yetirmək istərdim. 

Bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətim olub. Məsələ müəyyən dərman preparatları ilə bağlıdır. Belə olur ki, vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir. 

Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşir. Saatlarla Gürcüstanın polis idarələrində qalanlar, külli miqdarda cərimələrlə üzləşənlər var. Hətta bəzən həbs təhlükəsi də yaranır. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir".