"ATV telekanalının rəhbəri Vüqar Qaradağlı məni rol alacağım "Dəfnə ağacı" serialından çıxarıb".
Unikal.org xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova deyib. O iddia edir ki, ATV telekanalında yayımlanan proqramlara və seriallara onun çıxışı qadağan edilib: "Günlərin bir günü Yaşar adlı bir rejissor məni ofislərinə çağırdı və hazırda ATV-də yayımlanan "Dəfnə ağacı" serialında baş rola dəvət etdi. Bütün detallarda razılığa gəldikdən sonra serialda oynayacağım rola görə ayda 500 manat maaş danışdıq. Üstündən bir həftə keçəndən sonra prosesin nə yerdə olduğunu öyrənmək üçün rejissor Yaşara zəng etdim, o isə dedi ki, sən bu serialda rol almayacaqsan! Səni başqa vaxt çəkərik. Bundan başqa, digər rejissor Nicat da məni həmin seriala dəvət etmişdi. Ona da deyiblər ki, Mehriban olmaz! Çəkməyə başqa aktrisa yoxdur?! Bu söhbətlərdən sonra əməkdar artist Sənubər İsgəndərli ilə teatrın mətbəxində söhbətləşirdik. Mənə söylədi ki, ATV-də yayımlanan "Dəfnə ağacı" serialına dəvət alıb. Mən də soruşdum ki, onu o seriala kim dəvət edib? Dedi ki, rejissor Yaşar. Amma həmin rol mənə verilmişdi".
 
Əməkdar artist deyib ki, baş verənlərdən sonra ATV prezidenti Vüqar Qaradağlının qəbuluna düşmək istəyib, lakin onu binaya buraxmayıblar: "Mühafizəçilər məni içəri buraxmadı. Vüqar Qaradağlı məni ATV telekanalında yayımlanan seriallara və verilişlərə buraxmır, çörəyimlə oynayır".