Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cu ildönümü münasibətilə Misirdə anım mərasimi təşkil olunub.
Unikal.org-un məlumatına görə, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misirdəki Azərbaycan Diasporasinin sədri Ramil Niftaliyev, Misirin Qalubiyyə vilayətinin qubernatoru Rza Fərhat və vilayətin məsul şəxsləri, Qahirə və Ayn-Şəms universitetlərinin tələbələrinin birgə iştirakı ilə Qəlyubiyyə vilayətinin Qanatır şəhərindəki "Azərbaycan" küçəsindəki Misir-Azərbaycan dostluq parkı ziyarət olunub.
Ziyarət iştirakçıları Misir-Azərbaycan dostluq parkında ucaldılan ümummilli lider Heydər Əliyevin heykəlinin qarşısına əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
İştirakçılara Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu haqqında və Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işlər, həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar barədə məlumat verilib.
Qeyd edək ki, Abşeron rayonu ilə Qalubiyyə vilayəti arasında qardaşlaşma əlaqələrinin qurulmasının nəticəsi olaraq Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyə vilayətinin Qanatır şəhərində Azərbaycan-Misir Dostluq Parkı və ümummilli lider Heydər Əliyevin abidəsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adına eksperimental dillər məktəbi fəaliyyət göstərir.