Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı ərəfəsində Xırdalan şəhərində şəhid ailələri, müharibə veteranları və əlilləri üçün inşa edilmiş binada məskunlaşmış bir qrup şəhid ailəsi, müharibə veteranı və əlillərə baş çəkib, bayram sovqatı veriblər.

Rayon icra hakimiyyətindən Unikal.org-a bildirilib ki, şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində keçirilən bayram şənliyində çıxış edən məktəbin direktoru Xatirə Şabanova bu kateqoriyadan olan ailələrin daim dövlətimizin diqqətində olduğunu vurğulayıb.

Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev Novruz bayramının gəlişi münasibətilə təbriklərini çatdırıb.

Müharibə əlilləri və şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bayram şənliyində şagirdlərin ifasında səslənən xalq musiqiləri, milli rəqslərimiz tədbirə xüsusi rəng qatıb. Milli paltar geymiş şagirdlər bayram tonqalını yandırıblar.

Tədbirin sonunda məktəb kollektivi və binanın sakinləri tonqal ətrafında "Yallı gedərək, birlik rəmzi nümayiş etdiriblər.