"Azərişıq ASC-nin "ASAN xidmət və "ASAN kommunal vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub.

"Azərişıq ASC-dən unikal.org-a verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün "ASAN xidmət və "ASAN kommunal mərkəzlərində "Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı yeni xidmət fəaliyyətə başlayıb.

Bildirilib ki, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlər ərizə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnaməsidir.

Qeyd edilib ki, yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Azərişıq ASC-yə təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.

"Azərişıq ASC-nin "ASAN xidmət və "ASAN Kommunal vasitəsi göstərdiyi 10 xidmət, bu gündən etibarən 11 xidmət olur. Həmin xidmətlər isə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.