11 aprel prezident seçkilərində mütləq qələbə çaldıqdan sonra Prezident İlham Əliyev yeni bir dönəmə start verdi. Ölkə başçısı hökumətin tərkibində önəmli dəyişikliklər etməklə həyata keçirdiyi sosial, iqtisadi, siyasi və digər sahələrdə apardığı çoxsaylı islahatların davamlı olacağını bir daha ortaya qoydu. Son sərəncamlarla həyata keçirilən kadr və struktur islahatları da bu baxımdan əhəmiyyət daşıyır. Xalqın rifahının yüksəldilməsi, dövlətin daha da gücləndrilməsi hökumətin formalaşdırılması mühüm addımdır. Ən diqqətçəkən məqam odur ki, Prezidentin yeni komandasında xeyli sayda gənc kadrlar da yer aldı. Bəs görəsən, prezidentliyə eks-namizədlər bu təyinatlarla bağlı nə düşünür?
Unikal.org saytı bu sualla prezidentliyə namizəd olmuş siyasilərə müraciət edib.
Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, Prezident öz yeni komandasını formalaşdırdı:
"Prezident İlham Əliyev seçkidən sonra cəmiyyətdən gələn təşəbbüsləri, arzu və istəkləri dəyərləndirdi. Həmçinin 7 illik dönəm üçün regionda kifayət qədər böyük ambisiyaları və vəzifələri qarşısına məqsəd qoyan dövlət olaraq öz hökümət komandasını yenidən formalaşdırıb. Burada peşəkarlıq, çeviklik, aparıcı qərb dövlət idarəçilik sistemlərində özünü göstərən müsbət təcrübələrin gətirilməsi istəkləri, islahatçılıq qarşıya məqsəd qoyulub. 9 aprel müşavirəsində dövlət başçısı bu fikirləri səsləndirdi: "Dünənə görə sağ olun, lakin zaman, cəmiyyətin tələbləri də dəyişir.
Hesab edirəm dövlətin lideri kimi İlham Əliyev ötən illər ərzində böyük missiyanı yeniləşən komanda ilə getməyə qərar verdi. Ümidvaram ki, hökümətin belə tərkibdə formalaşması, ona imkan verəcək ki, mühüm prinsiplərlə qoyulmuş tapşırıqları və vəzifələri yerinə yetirə bilsinlər. Bunun üçün media məkanına açıqlama lazımdır. Baş nazir Novruz Məmmədov da bu cəhətdən hər zaman mediaya yaxınlığı ilə seçilən dövlət məmuru olub. Bu ona imkan verəcək ki, baş nazir ölkədəki bütün prosesləri nəzarətdə saxlasın.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri-deputat Araz Əlizadə qeyd edib ki, ölkə başçısı növbəti 7 ili yeni kadrlarla işləmək niyyətindədir:
"Əgər prezident bu kabineti təsdiqləyibsə, deməli o formalaşdırmaq istədiyi bu komanda ilə yola çıxmaq istəyir. Bu formalaşan kabinetin necə işlədiyini isə təbii ki, zaman göstərəcək. Əlbəttə kadrlar dəyişməlidir. İnsan uzun müddət eyni yerdə işləyəndə onun gözü bəzi çatışmazlıqları görmür. Məncə yeni formalaşan bu kabinet öncə prezidentin, sonra da vətəndaşların ümidlərini doğrutmalıdır. Onlara ki, etimad göstərilib belə yüksək vəzifəyə təyin ediliblərsə, çalışmalıdırlar ki, işlərində hər hansı qüsura rast gəlinməsin.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu vurğulayır ki, dəyişikliklə bərabər yeni nəzarət mexanizmləri yaradılmalıdır:
"Prezidentin bu addımı kadr dəyişikliyi yox, yerdəyişmə hesab olunmalıdır. Məqsəd status kvonunu, ictimai-siyasi münasibətləri saxlamaqdan ibarətdir. Hakimiyyətin effektli idarə edilməsi üçün mütləq nəzarət mexanizmləri lazımdır. O nəzarət mexanizmi də iqtidardaxili müxalifət yaratmaq hesabına həyata keçirilməlidir. Hakimiyyətdaxili müxalifət o deməkdir ki, parlamentdə müxalifət fraksiyası olmalıdır. Hakimiyyətin işi üzərində onlar ictimai nəzarəti həyata keçirməlidir. Komitələrin tərkibində ictimai nəzarət üçün müxalifət nümayəndələri də iştirak etməlidir.
"Cəbhəçilərin təşəbbüs qrupunun prezidentliyə eks-namizədi Razi Nurullayev Azərbaycanda siyasi islahatların, kadr dəyişikliklərinin lehinə olduğunu və bunu yüksək qiymətləndirdiyini qeyd edir:
Əvvəlki illərə nisbətən təyinatlarda kifayət qədər yeniliklər oldu. Gənclərə yer verilməsi müsbət bir haldır. Siyasi islahatların aparılmasının tərəfdarıyam. Siyasi islahatların uğuru iqtisadi islahatların daha uğurla aparılmasına imkan verəcək. Ümid edirəm ki, işlər bu təyinatlarla yekunlaşmayacaq. Əminəm ki, nazirlər kabinetinin yenidən formalaşdırılması ölkənin siyasi həyatında mühüm addım olacaq. Ümid edək ki, daha ciddi addımlar da atılacaq və insanların sosial problemləri yönündə müəyyən müsbət işlərin şahidi olacağıq.
Famil Fərhadoğlu