Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının proflaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub.
Unikal.org "Qafqazinfoa istinadən xəbər verir ki, bu barədə Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov illik məlumat məruzəsini təqdim edərkən deyib.
O qeyd edib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin gecə həyatına məruz qalan 150 yetkinlik yaşına çatmayan şəxsə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən "Baxımsız, kimsəsiz uşaqlar üçün Sığınacaq və Reablitasiya müəssisəsi, "Uşaq hüquqları klinikası və "Uşaq və gənclərin sosial realblitasiyası mərkəzində hüquq və psixoloji yardımlar göstərilib.
Həmçinin, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.