Xəbər verdiyimiz kimi, aprel ayının 30-da Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Belə ki, həbs olunanlar arasında qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlər arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib. Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu "BizimləSən verilişidir. Bu məsələ ilə bağlı mətbuatda və o cümlədən sosial şəbəkələrdə Zaur Baxşəliyev ciddi tənqid olunub.
Məsələ ilə bağlı Unikal.org-a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib. O məsələdən xəbərdar olduğunu və baş verən hadisə ilə bağlı Zaur Baxşəliyevi günahlandırılmasının tərəfdarı olmadığını dilə gətirib:
"Təbii ki, biz istəməzdik ki, Azərbaycan televiziya məkanında bu cür şəxslər olsun. Bu normal bir haldır. Amma aparıcını da burda günahlandırmaq olmaz ki, bu adamları efirə niyə dəvət edib. Aparıcı hardan bilsin ki, dəvət etdiyi adam cinayətkardır. Sözügedən şəxsin cinayətkar olduğu indi bilinib. Elə deyilmi? Ona görə də, bu məsələlərdə aparıcının üzərinə həddindən artıq getmək olmaz.
N.Məhərrəmli əlavə edib ki, baş verən hadisə birdaha təsdiqlədi ki, efirə çıxan hər bir kəs araşdırılmalıdır:
"Efirə çıxan hər kəs diqqətlə araşdırılmalıdır. Cəmiyyət tərəfindən qəbul olunan, normal insanlar efirə buraxılmalıdır. Amma çox təəssüf ki, özəl televiziya kanallarında bəzən bu prinsiplər pozulur.
Amid Əyyuboğlu