Kənd təsərrüfatı naziri İnam Kərimov Nazirliyin yerli qurumları, özəl məhsul istehsalçıları və fermerlərlə görüş məqsədilə bu gün Qax rayonunda olub.
Unikal.org xəbər verir ki, İ.Kərimov və nazirlikdən olan digər vəzifəli şəxslər əvvəlcə tütün əkin sahələri ilə tanış olub. Nazir tütünçülərlə söhbəti edib, onların iş şəraiti və sosial qayğıları ilə maraqlanıb.
Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonun aqrar sektorunda tütünçülük, baramaçılıq və fındıqçılığın prioritet sahələrdən birini təşkil etdiyini, son illər bu istiqamətdə əsaslı infrastruktur layihələri həyata keçirildiyini bildirib.
Daha sonra İ.Kərimov Çindən gətirilən və Damazlıq İpəkçilik stansiyasının bağlarında əkilən tut tinglərinin yetişdirilməsi ilə maraqlanıb. Ötən il əkilən bu tinglər artıq bara girib və hazırda stansiyada yetişdirilən ipəkqurdlarının yemlənməsi bu bağlar vasitəsilə həyata keçirilir.
Nazir daha sonra Qax rayonunda kümçülərə ipək qurdlarının paylanması prosesində iştirak edib: "Azərbaycan prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib və Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər yaş barama istehsalının 6000 tona çatdırılması nəzərdə tutulur. Kənd təsərrüfatı idarələri artıq kümçüləri gözləmədən onların ünvanlarına gedərək bu qurdlara onlara çatdırmalıdırlar.
İ.Kərimov qeyd edib ki, nazirlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə ölkədə 245 ton yaş barama istehsal olunub və baramaçılığın yem bazasını formalaşdırılması məqsədilə 2,5 mln. tut (çəkil) tingləri tədarük olunaraq baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınıb: "Proqramın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb və cari ildə Çindən müqavilə əsasında 13 min qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları gətirilib.
Bundan başqa, stansiyanın ipəkqurdu bəsləmə korpusu ilə tanışlıq zamanı məlumat verilib ki, cari ilin aprel ayında ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibrid ipəkqurdunun toxumları (qrena) gətirilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub və 99-100% səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilərək bölgü əsasında respublikanın 22 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanması həyata keçirilib. İnam Kərimov kənd təsərrüfatı idarələrinin rəhbərlərinə bununla bağlı ciddi tapşırıq verildiyini qeyd edib.
Kənd təsərrüfatı naziri stansiyanın tikinti prosesi ilə də maraqlanıb. Qax Damazlıq İpəkçilik Stansiyasının yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır.