Nizami Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad sənədli filminin təqdimat mərasimi keçirilib.

Unikal.org-un məlumatına görə, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində Şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, Şəhid haqqında məlumatlar toplanılıb. Şəhidin qardaşı, hərbçi Rahim Məmmədov Muradla fəxr etdiyini, Azərbaycanın qəhrəman oğullarının ruhu qarşısında baş əydiyini bildirib, Şəhid qardaşı kimi son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşəcəyini bildirib.

Filmin təqdimatı zamanı zala sükunət çökdü. Tamaşaçı olaraq burada ancaq o psixoloji-emosional çalarları yaşamaq gəlirdi hər bir izləyicinin əlindən. Özünü abidələşdirən ömrün şübhəsiz bir örnəyə çevrildiyinin fərqində olmaya bilmirdi heç kəs. Şəhidin doğmalarının, elə doğmaları qədər də ona doğmalaşmış döyüş yoldaşlarının xatirələrini dinlədikcə bu nakam ömrün yarıda qırılmasına görə həm təəssüflənir, həm də istər-istəməz qürur hissi keçirirdi tamaşaçı. Filmdə şəhid anasının çəkdiyi iztirabları, şəhid atasının övlad itkisinin yanğısına rəğmən qürurverici məzmunda çıxışının əhəmiyyəti şübhəsiz ki böyük hissləri oyatmaqla yanaşı, eyni zamanda tariximiz üçün çox ibrətamiz bir anlamda yaşarılıq qazanacaq. Şəhidin döyüş yoldaşlarının dilə gətirdiyi Murad Məmmədovun vətənpərvərlik mövqeyi və konkret olaraq bu mövqedən güc alan döyüş ruhu isə Azərbaycanın qəhrəmanlıq salnaməsinə əvəzsiz töhfələr bəxş edəcək. Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etdi. Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynacağını qeyd etdilər.