Təşviş, tənhalıq və özünəqapanma zamanı itlərlə təmas ən yaxşı vasitədir. Həmin halların aradan qaldırılması üçün insanın sadiq dostu hesab edilən itlərdən istifadə edilməsi üsulu nəinki xaricdə, ölkəmizdə də müalicə vasitəsi kimi tətbiq olunur.
İtlərlə müalicə kanisterapiya adlanır. Bu üsul ölkəmizdə yeni olsa da, İngiltərədə 1792-ci ildən tətbiq edilir. Son 50 ildə isə amerikalı uşaq psixoloqu Boris Levinson həmin müalicə üsulundan fəal istifadə etməyə başlayıb. Onun ilk xəstələri isə uşaqlar olub.
Unikal.org Azərtac-a istinadən bildirir ki, paytaxtdakı 1 nömrəli psixiatriya xəstəxanasında da həmin müalicə üsulundan istifadə edilir. Xüsusilə ruhi xəstələrin itlərlə müalicəsi yaxşı səmərə verir. Xəstələrin itlərlə təması, onlara qulluq göstərməsi və gəzinti prosedurları həyata keçirilir. Tətbiq edilən həmin prosedurlar xəstələrin əsəblərinin sakitləşməsinə səbəb olur.
İtlərlə müalicə Yaponiyada da özünü doğruldub. Onkoloji xəstəlikdə müalicə olunan uşaqlar itlərlə təmasdan sonra həkimlərin məsləhətinə çox rahat şəkildə əməl edirlər. Hətta sutkalarla qidalanmaqdan imtina edənlər iştaha gələrək yemək istəyirlər.