Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli xalq artisti Rasim Balayevin "Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır fikrinə münasibət bildirib.




O, unikal.org-a açıqlamasında bildirib ki, xalq artistinin səsləndirdiyi fikir yeni deyil: 

"Biz MTRŞ olaraq bundan da rahat, sərt şəkildə bu məsələləri ortaya qoymuşuq. Bəli, özəl televiziya kanallarında, efirdə cəmiyyət tərəfindən qıcıq doğuran insanlar daha çoxdur. Amma onlar Azərbaycan vətəndaşıdır. Hüquqi baxımdan onların efirlərə dəvət edilməsində problem yoxdur. Amma bu sahədə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda insanların televiziya kanallarına baxmaları üçün seçim yaradılıb: "Hanısa televiziya kanalında verilişlərin keyfiyyəti aşağıdırsa, insanlar ona baxmaya bilər. Onlar daha keyfiyətli verilişlər seçib, izləyirlər.

O, hesab edib ki, Azərbaycanda bu gün büdcədən maliyyələşən televiziya kanallarında cəmiyyətə qıcıq yaradan şəxsləri efirə buraxmırlar: "Bizdə Azərbaycan Dövlət Televiziyası (AzTv), "Mədəniyət, İctimai Televiziya və Radio Yayımları Şirkəti var. Bu televiziya kanallarının özü bir faktdır ki, ictimaiyyətin maraqlarını qoruyur. Çox təəssüf ki, özəl televiziya kanalları kommersiyaya yüklənir. Hesab edirəm ki, ümumiyyətlə televiziya sahəsi yalnız kommersiya obyekti olmamalıdır. Bu sahədə təbii ki, qanunvericilik baxımından daha sərt tədbirlər görülməlidir. Yəni, oranın sahibi efirə cəmiyyət tərəfindən qəbul olunmayan adamları buraxmamalı, cəmiyət tərəfindən qəbul olunmayan mövzuların, fikirlərin orada işlədilməsini qadağan etməli, Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun olmayan hərəkət edənlərə qarşı daha sərt tədbirlər görülməlidir. Bəzən bu işi Milli Televiziya Radio Şurasından görmək istəyirlər. Amma, MTRŞ dövlət orqanıdır. Bizim qəbul etdiyimiz qərarın hər biri hüquqi bir maddəyə əsaslanmalıdır. O maddə MTRŞ-da olmadığı üçün biz orada ola bilmirik.

N.Məhərrəlmi əlavə edib ki, Azərbaycanda xalq, əməkdar və adi artistlər var: "Televiziya artisti efirə dəvət edir, xalq artistini çağırmırsa biz onları günahlandıra bilmərik. Qanunda belə maddə yoxdur. Çox təəssüf ki, özəl televiziya kanalları ən aşağı səviyyədə olan məhsulları efirə çıxarırlar. Hələ bu gün də onlar efirdədir. Əgər cəmiyyət bunu istəməsəydi onlar efirdə olmazdılar. Yəni, özəl televiziya kanlları həmin insanlardan gəlir götürür ki, onlar efirə çıxırlar. Hesab edirəm ki, cəmiyyət ictimai qınaq məsələsini ortaya qoymalıdır. Qanunlarla, inzibati məsələlərlə bunu yoluna qoymaq çətin məsələdir. Çünki, bu təkcə bizə aid olan məsələ deyil. Bütün dünyada bu proses gedir. Dəyərsizləşdirmə özünü hər yerdə göstərir.

Amid Əyyuboğlu