Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn və prokurorluq orqanları qarşısında duran vəzifələrin müzakirəsinə dair mayın 19-da baş prokuror Zakir Qaralovun sədrliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən unikal.org-a bildiriblər ki, tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilmiş uğurlu islahatlar, ardıcıl olaraq reallaşdırılan dövlət proqramları, yürüdülən praqmatik siyasət, dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və davamlı tədbirlər barədə məlumat verib.

Bildirilib ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilməli və nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrası istiqamətində zəruri tədbirlər görülməlidir.

Müşavirədə məruzə ilə çıxış edən baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlər, icra edilmiş Fəaliyyət planları, ixtisaslaşmış strukturlar, o cümlədən bu sahədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş İdarənin yaradılması, fəaliyyəti, strukturu və ştat tərkibinin formalaşması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq qurumlarla faydalı əməkdaşlıq barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, qəbul olunmuş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığını təmin etməklə antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi, vətəndaşların maarifləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə təmasın daha da gücləndirilməsi, korrupsiya halları ilə üzləşmiş vətəndaşların ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş İdarəyə birbaşa və maneəsiz müraciət etmək imkanının təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının artırılması, "161-Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənəd, həmçinin dövlət orqanlarının daxili nəzarət qurumları ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsinin aparılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, açıq hökumət prinsipləri, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini özündə ehtiva edib.

Müşavirədə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov "Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan elektron xidmət növlərinin siyahısının təkmilləşdirilməsi məqsədilə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlərdən danışıb.

Bildirilib ki, Baş Prokurorluqda hazırlanmış "Elektron Sənəd Dövriyyəsi" və "Elektron Cinayət" proqramlarının tətbiqi təmin olunmaqla informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilərək mərkəzi aparatla tabe prokurorluqlar arasında video-konfras sistemi quraşdırılaraq onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilib. Eyni zamanda, Baş Prokurorluğun veb-saytının proqram hissəsinin daha müasir və təhlükəsizlik standartlarına cavab verən proqramla əvəz edilməsi prosesinin yekunlaşdırılması və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlərin davam etdirildiyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Müşavirədə prokurorluq orqanlarında əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması Baş Prokurorluğun əlaqədar struktur qurumlarından və bütün tabe prokurorluqlardan tələb edilib.

Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilməklə vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin gündəlik nəzarətdə saxlanılaraq, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası və həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror bildirib ki, qarşıdakı dövrdə beynəlxalq standartlar nəzərə alınmaqla Baş İdarənin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyəti gücləndirilməli, antikorrupsion qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən istintaq sövdələşməsi, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi kimi müddəaların cinayət qanunvericiliyinə daxil edilməsi, eləcə də elektron informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

Müşavirənin yekununda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Baş Prokurorluğun Tədbirlər Planı təsdiq edilib.