"AZERANT" adlı ilk milli avtomobil modelinin müəllifi Ramil Nəcəfov daha bir avtomobil modelinin layihəsini hazırlayıb. Bu dəfə gənc dizayner Azərbaycanın ilk milli yük avtomobili modelinin layihəsini ərsəyə gətirib.
Unikal.org xəbərinə görə, bu barədə Milli.Az-a məlumat verən müəllif bildirib ki, yeni avtomobil modeli beynəlxalq yük daşımalarda istifadə olunması üçün nəzərdə tutulub.
"Nəzərə alsaq ki, Azərbaycan iqtisadi cəhətdan beynəlxalq yük daşımalarının çox olduğu regionda yerləşir, bu layihə ölkəmiz üçün gərəkli ola bilər. Bizdə, məsələn, Rusiyadan, Belarusdan gətirilib. Gəncə Avtomobil Zavodunda yük avtomobilləri yığılır. Hamısının ehtiyat hissələri xaricdən gətirilir. Amma bu yük avtomobili yerli mühəndislərimiz və mütəxəssislər tərəfindən hazırlanıb yığılsa, rahat şəkildə Gəncə Avtomobil Zavodunda istehsal oluna bilər. Bu, həm ölkəmizin iqtisadiyyatına xeyir verər, həm tranzit yük daşımalarında sərfəli və əhəmiyyətli yük avtomobili olar".
R.Nəcəfov yeni modelini "TIR M" adlandırıb. Onun sözlərinə görə, bu avtomobil digərlərindən bir çox cəhətlərinə görə fərqlənir: "Bu, yeni nəsil Rusiya istehsalı olan yük avtomobillərindən daha gözəl, rahat, komfortlu və təhlükəsiz ola bilər. Bu yük avtomobilinin mühərriki 3.0 litr həcmdə, 8 silindirli, 16 klapanlı, 10 porşenli, dartıcı gücü isə 300 at gücündə ola bilər. Sürücü kabinəsindən sürücü bort kampüter vasitəsi ilə daşıdığı məhsullara nəzarət edə bilər. Avtomobildə soyuducu-kandisioner, 360 dərəcə məsafə saxlamaq üçün 4 kamerası, ön hissədə sensor, qarşıdakı nəqliyyat vasitələri ilə ara məsafəsini ölçən detektor da ola bilər. Avtomobilin arxa hissəsinə 12 ton yük daşıya bilən qoşqu qoşula bilər. Yük avtomobili hərəkət zamanı hava kompressor əyləc sistemi sayəsində tam təhlükəsiz dayana bilər. Dizel yanacağı ilə hərəkət edəcək avtomobilin yanacaq çəninin tutumu 160 litrdir. Avtomobildə maksimal sürətin saatda 160 km/saat olması nəzərdə tutulub".
Xatırladaq ki, Ramil Nəcəfov ilk milli avtomobil layihəsi olan "AZERANT"ın, həmçinin əlillər üçün "AZ 200", hərbi təyinatlı "AZERANT İSTİQLAL" (Azerant L 2.800) və əsasən, qadınlar üçün nəzərdə tutulan "MİLLİ" avtomobillərinin, eləcə də "XƏZ-747" bombardmançı-qırıcı təyyarə modeli layihələrinin müəllifidir.
Onun sözlərinə görə, Azərbaycan Gənclər Fondu AZERANT avtomobil modelinin 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar iyunun 23-də Baku Expo mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunması üçün 5 min manat məbləğində qrant ayrılmasına razılıq verib. Müəllif sərgidə "AZERANT"la yanaşı digər layihələrini də ictimaiyyətə geniş şəkildə təqdim etmək fikrindədir.