Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus "An-12" yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədinin ümumi müayinəsi ötən gün başa çatdırılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.
Bu gündən isə cəsədlərin laborator (kimyəvi, DNK) müayinəsinə başlanılıb.
Meyitlərin hamısı yandığı üçün laborator müayinə və tanınma uzun çəkəcək. Təyyarənin pilotunun və köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur. Lakin tam dəqiqlik üçün müayinə tələb olunur.
Qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü
Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.