Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, "Nar mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Unikal.org xəbər verir ki, həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və "Brand Tracking araşdırmalarına görə, "Nar mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.
Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, "Nar-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, "Nar səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.
Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş "Brand Tracking araşdırmasına əsasən, "Nar abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ilə müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə "Nar şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, "Nar brend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.
Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.
Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.
"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.