Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.
Unikal.org xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2018-ci ilin altı ayı ərzində əhaliyə 38,4 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 29,2 faizi hamiləliyə və doğuma görə, 32,4 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,6 faizi dəfn üçün, 20,8 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
Həmçinin 2018-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1311,7 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,4 faizini təşkil edir. Onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 219,2 manat təşkil edib və orta aylıq əmək haqqının 39,6 faizinə (2017-ci ilin birinci yarısında 38,7 faizinə) bərabər olub.
2018-ci il iyulun 1-i vəziyyətinə 409,3 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 42,7 min nəfər, əlilliyə görə - 164,1 min nəfər, ailə başçısını itirməyə görə - 45,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 74,0 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,7 faiz çoxdur.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 320 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 17,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 775 nəfər bir yaşadək uşağa görə 768 ailəyə və beşdən çox uşağı olan 2,9 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.
2018-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 48391 nəfərə, o cümlədən 38685 uşağın doğulmasına görə, 4223 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3942 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1541 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 413 nəfər zərərçəkən kompensasiya alıb.