"Bakıda dənizin kənarında fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz vəhşi quşlar saxlayan sahibkar cərimələnib".
Bunu Unikal.org-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Pirşağı qəsəbəsində fəaliyyət göstərən ictimai-iaşə obyektində qəfəsdə vəhşi quşların saxlanılması ilə bağlı şikayət daxil olub: "Şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. Araşdırma zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsində, dənizkənarı zonada fəaliyyət göstərən ictimai-iaşə obyektində qanunsuz olaraq təbiətdən götürülən 2 bozqır muymulu quşunun qəfəsdə saxlanıldığı faktı təsdiqini tapıb. Faktla bağlı obyektin sahibi Bəxtiyar Məmmədov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 500 manat məbləğində cərimə edilib. Vəhşi quşlar götürülərək təbiətə buraxılıb".
Nazirliyin sözçüsü qeyd edib ki, ETSN ətraf mühitin qorunması və təbiəti mühafizə sahəsində əsl vətəndaş mövqeyi nümayiş etdirən hər bir şəxsə təşəkkürünü bildirir və ekoloji qanun pozuntuları ilə rastlaşdıqda dərhal nazirliyə və nazirliyin 168 nömrəli "Qaynar xəttinə məlumat vermələrini xahiş edir.