Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulun nəticələrini elan edib.
Dövlət İmtahan Mərkəzindən unikal.org-a verilən məlumata görə, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Builki qəbul zamanı ali məktəb tələbəsi adı qazanmış bir çox gənclər dövlət universitetlərinin ödənişli ixtisasına qəbul olunsalar da təəhsil haqqı ödəməyəcəklər. Bəs kimlər təhsil haqqından azad olunacaqlar?
Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, aşağıdakı şəxslər təhsil haqqından azad olunacaqlar.
1.Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan AzərbaycanRespublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər (Ancaq dövlət təhsil müəssisələrində).
2. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
3. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
4. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən
1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
2. hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.