Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakant yerlərdə yerləşdirilən, lakin sonradan orada işləmək istəməyən və buna görə imtina ərizəsi yazmayan şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsində iştirak edərək vakant yerləri tutan və müsahibə mərhələsində işə qəbuluna razılıq verilən namizədlər həmin yerlərdə işləmək istəmədikləri zaman imtina ərizəsi yazmalıdırlar:
"Belə namizədlərlə bağlı müəyyən bir müddət var. Həmin şəxslərdən xahiş edirik ki, düşdükləri vakansiyada işləmək istəməyəcəkləri təqdirdə avqustun 28-dək İnsan Resursları Mərkəzinə gələrək imtina ərizəsini yazsınlar. Bununla da biz bilək ki, hansı namizəd düşdüyü yerdən imtina edir. Vakansiyanı tutan, lakin həmin yerdə işləmək istəməyən şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar. Bu addım sanksiya xarakterli deyil və cəzalandırma da hesab oluna bilməz. Sadəcə olaraq, məsələnin texniki tərəfi də var. Bu da ondan ibarətdir ki, vakant yerlərə yerləşdirilmiş şəxslər mərkəz tərəfindən işə qəbul olunmuş hesab edilirlər. Ona görə də onlar növbəti yerləşdirmədə iştirak etməyəcəklər. Bu səbəbdən müəllimlər bu məqamı xüsusi diqqətdə saxlasınlar.
Qeyd edək ki, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun - müsahibə mərhələsinə buraxılıb.
Avqustun 13-dən başlayan müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.